Samir Şərifov 2010-cu ilin dövlət büdcəsinin icra göstəricilərini açıqlayıb

Samir Şərifov 2010-cu ilin dövlət büdcəsinin icra göstəricilərini açıqlayıb

Maliyyə naziri Samir Şərifov 2010-cu ilin dövlət büdcəsinin icra göstəricilərini açıqlayıb. SİA-nın məlumatına görə, S. Şərifov qeyd edib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 11 402,5 mln. manat, xərcləri isə 11 766,0 mln. manat təşkil edib. Onun sözlərinə görə, ötən il üçün dövlət büdcəsinin gəlirləri 11 505,0 mln. manat, xərcləri isə 12 275,3 mln. manat həcmində proqnozlaşdırılsa da göründüyü kimi, proqnoz gəlirlər üzrə 0,9%, xərclər üzrə isə 4,1% kəsirlə icra olunub.

Maliyyə naziri söyləyib ki, ötən il büdcə gəlirlərinin 4 292,8 mln. manatı (və ya proqnozdan 4% az) Vergilər Nazirliyi, 1 101,7 mln. manatı (+0,2%) Dövlət Gömrük Komitəsi (DGK), 5,4 mln. manatı (+8%) Əmlak Məsələləri Dövlət Komitəsi, 5 915,0 mln. manatı (proqnoza tam uyğun) Dövlət Neft Fondu (ARDNF) tərəfindən, 87,6 mln. manatı isə (5,8 dəfə çox) sair gəlirlər hesabına daxil olub. O vurğulayıb ki, eyni zamanda, ötən il ərzində Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2009-cu ilə nisbətən 4,4%, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 8%, ARDNF üzrə 20,3% artıb, DGK üzrə 1%, sair gəlirlər isə 51,3% azalıb.

"Xərclərə gəldikdə isə, 2010-cu ildə dövlət büdcəsindən 794,3 mln. manat (proqnozdan 17,9% az) ümumi dövlət xidmətlərinə, 1 185,2 mln. manat (-1,7%) müdafiə, 668,5 mln. manat (-6,2%) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 1 181,4 mln. manat (-4,8%) təhsil, 429,4 mln. manat (-11,6%) səhiyyə, 1 123,0 mln. manat (-1,7%) sosial müdafiə və sosial təminat, 168,4 mln. manat (-2,4%) mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, 199,9 mln. manat (-0,6%) mənzil və kommunal təsərrüfatı, 372,1 mln. manat (-2,5%) kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi, 4 147,0 mln. manat (-0,6%) sənaye, tikinti və faydalı qazıntılar, 55,1 mln. manat (-26,1%) nəqliyyat və rabitə sahələrinə, 115,9 mln. manat (-7,3%) iqtisadi fəaliyyət, 1 325,8 mln. manat isə (-4,9%) əsas bölmələrə aid edilməyən xidmətlərə sərf olunub"- deyə S.Şərifov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə