Turist axınının azalmasının səbəbləri - BƏLLİ OLDU - İQTİSADÇI AÇIQLADI

Turist axınının azalmasının səbəbləri - BƏLLİ OLDU - İQTİSADÇI AÇIQLADI

"COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb.

“Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, bu qaydaların da dəyişdirilməsi məqsədəuyğun olardı. Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı, Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu, o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz.

Bu baxımdan, daha məqsədəuyğun olardı ki, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişinlər üçün bu, bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə