İlham Şaban: “Biz nə qədər tez ÜTT-yə üzv olsaq, bu bizim xeyrimizə işləyən bir amil olacaq”- MÜSAHİBƏ (SƏS TV)
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın SİA-ya müsahibəsi:
- Bəzi ekspertlər bildirirlər ki, dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdən sonra büdcənin neftdən asılılığı daha da artacaq. Sizcə bu təhlükə yaratmırmı?
- Həqiqətən də bu belədir. Azərbaycanda 2005-ci ildə yaşanan praktika onu göstərir ki, hökumətin, Maliyyə Nazirliyinin Parlamentə təqdim etdiyi layihə cüzi dəyişikliklə qəbul edilir. İlk dəfə olaraq Azərbaycan büdcəsinin xərclər hissəsi 20 milyard dolları keçəcək. Bu çox böyük bir rəqəmdir və bu rəqəmin bu səviyyəyə, həddə çatması təbii ki, neft gəlirlərinin və Dövlət Neft Fondundan büdcəyə edilən transferlərin artmasından irəli gəlir.
Bu vəziyyətin təhlükə yaratmasına gəldikdə büdcəyə ediləcək dəyişikliklərdən sonra Dövlət Neft Fondunun dövlət büdcəsindəki xüsusi çəkisi 59 faiz olur.
Ümumiyyətlə, neftin büdcədəki rolu transferlərdən başqa dövlət neft şirkətinin ödəmələrindən ibarətdir ki, bu da bir milyarddan artıqdır. Bundan əlavə xarici neft şirkətlərinin hasilatının pay bölgüsünün sazişləri çərçivəsində dövlət büdcəsinə verdiyi vergilər var. Bura neft sənayesində çalışan servis xidmətləri daxildir ki, onların vergi ödəməsi sahəsində büdcəyə gəlir əlavə olunur. Bütün bunlar təxminən büdcənin üçdə ikisini təşkil edir.
- Dünyada neftin qiymətinin yüksək olması ölkənin gəlirlərinin artması ilə yanaşı inflyasiyanı da artır. Bunun müsbət və mənfi tərəfləri nədir?
- Bu, Azərbaycan üçün yenilik deyil. Biz 2008-ci ildən bu prosesləri yaşamışıq və görmüşük ki, gəlirlərlər necə artır. Bundan əlavə biz həmçinin dükan, bazarda qiymətlərin bahalaşdığını müşahidə etmişik.
Bu proses o cür ölkələrdə özünü biruza verir ki, orada monopoliyanın təsiri güclüdür, orada bazar iqtisadiyyatı və rəqabət hələ güclü deyil. Məhz bu səbəbdən də biz son iki ayda həm parlamentdə, həm də mətbuatda daha çox monopoliyalara, inflyasiyalara qarşı mübarizə kimi çağırışları eşidirik.
- Dövlət Neft Fondundan ayırmalar və xərcləmələrdə şəffaflıq nə dərəcədədir?
- Burada iki məsələyə diqqət yetirmək lazımdır. Biri var Dövlət Neft Fonduna gələn gəlirlər. Bununla bağlı mütəxəssis kimi deyirəm ki, burada hər bir maddə üzrə şəffaflıq faktiki olaraq təmin edilib. Mənim bununla bağlı bir neçə təqdimatım olub və göstərmişəm ki, həqiqətən də başqa ölkələrlə müqayisədə şəffaflıq hansı dərəcədədir.
İkinci bir məsələ Dövlət Neft Fondundan ayrılan vəsaitlərdir ki, məsələn bu il Dövlət Neft Fondundan 9 milyard manat ümumi xərcləmələr olacaq ki, onun da 7 milyard manatdan artığı dövlət büdcəsinə transfer olacaq. Bu 7 milyardın içərisində təqribən 5 milyardı investisiya xərcləridir. Lakin bu investisiya xərcləri başqa layihələr kimi maddə-maddə açılmır. Ona görə də ictimaiyyəti maraqlandıran əsas məsələ bu vəsaitlərin real olaraq hara, necə, hansı müddətə xərclənməsidir ki, burada şübhələr yaranır.
- Azərbaycan iqtisadi zonalar haqqında qanun layihəsi qəbul olunsa da bununla bağlı işlər ləngiməkdədir. Necə düşünürsünüz, ölkəmizdə bu cür zonaların yaranmasına ehtiyac varmı?
- Əslində bizim ölkə coğrafi baxımından kiçik bir ölkədir. Mən əvvəlcədən azad iqtisadi zonanın yaradılmasının əleyhinə olmuşam. Əgər biz hüquqi status baxımından baxsaq, Bakıda 4 faiz vergi ödəmək mükündürsə, bölgələrdə bu rəqəm 2 faizdir.
2 faiz vergi ödəməyin özü azad fəaliyyət növüdür. Bundan artıq hansı şərait yaradılmalıdır? Bu məsələdə qonşu dövlətlərin təcrübəsi də var. Məsələn, Rusiyada çeçen müharibəsindən sonra İnquşetiyada azad iqtisadi zonalar yaradıldı. Çox şirkətlər oradan qeydiyyatdan keçdilər, ancaq Moskvada fəaliyyət göstərirdilər. Nəticədə büdcədə yayınmalar oldu. Həmin bölgələr qazancdan məhrum oldular.
Götürsək, bizdə Sədərək Ticarət Mərkəzi elə azad iqtisadi zonadır. Ona görə də bu ideyanı dəstəkləmirəm. Ölkədə münbit şərait hamı üçün normaldır.
- Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını ilə bağlı bir sıra müzakirələr aparılır. Bəziləri gecikdiyimizi, bəziləri isə bu təşkilata qoşulmağımızın tez olduğunu söyləyirlər. Sizcə, ölkəmizin ÜTT-yə daxil olaması mütləqdirmi?
- Bəli, Azərbaycanın ÜTT-yə daxil olması məncə, vacibdir. Biz hansısa məqamda deyə bilərdik ki, öz bazarımızı, iqtisadiyyatımızı, istehsalımızı qurmaq üçün onu qaldırıb lazımi səviyyəyə çatdırana qədər təşkilata daxil olmağımızı müəyyən qədər saxlayaq. Artıq bizim vəsaitimiz var, hökumət keçid dövrünü keçdiyimizi elan edib. Belə olan təqdirdə biz bu təşkilata daxil ola bilərik.
Ümumiyyətlə, bu proses rəqabəti gücləndirir. Nə üçün bizə xaricdən gələn meyvə şirələri ölkəmizdəkindən ucuz başa gəlir. Əgər oradan gələn şirələr ucuz olursa və onlara çox böyük gömrük tarifi qoyulursa ki, yerli məhsulla rəqabətə girsin, demək, burada əmək məhsuldarlığı aşağıdır. Azərbaycanlı iş adamları, ölkə iqtisadiyyatında məsuliyyət daşıyan insanlar əmək məhsuldarlığını necə qaldırmaq barədə düşünməlidirlər ki, digər ölkədən gətirilən hər hansı bir məhsul yerli istehsalla rəqabət məsələsində bir olmasın. Belə olan halda yerli istehsal daha da inkişaf edəcək. Bunun üçün də əmək məhsuldarlığının artırılması vacibdir. Əmək məhsuldarlığının artırılmasında menecmentliyin yüksəldilməsi mühümdür.
Buna xarici mütəxəssislər cəlb olunmalıdır. Belə olanda standartlara uyğunlaşarıq, xarici bazarlarda onlarla eyni addımlaya, öz sözümüzü deyə bilərik.
Nə qədər tez biz bu təşkilata üzv olsaq, bu bizim xeyrimizə işləyən bir amil olacaq. Biz Qafqazda maliyyə, yüksək iqtisadi potensiala malik bir ölkəyik, bizim gələcək stabilliyimiz üçün heç bir asılılığımız yoxdur. Belə olan halda niyə görə biz yeni sivil qaydalara keçməyək?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB