Çernobıl-35: Azərbaycana AES lazımdırmı? - ARAŞDIRMA

Çernobıl-35: Azərbaycana AES lazımdırmı? - ARAŞDIRMA

Tarixin ən böyük texnogen qəzası olan Çernobıl faciəsindən 35 il ötür, amma onun fəsadları və zərərləri hələ də sovuşmayıb

1986-cı il, aprel ayının 26-da Ukrayna SSR-in paytaxtı Kiyev yaxınlığında yerləşən Pripyat şəhərindəki Lenin adına Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza dünyanı şoka saldı. Atom erası bəşəriyyətə ən böyük xəbərdarlığını etmişdi...

Çernobıl faciəsi niyə və necə baş verdi?

1986-ci il. 26 aprel gecəsi. Fors-major hallarında stansiyanın necə işləyəcəyini yoxlamaq üçün test keçirilməsinə qərar verilmişdi. Təlimata görə, enerji təzyiqi 700 meqavatdan aşağı salınmamalı olduğu halda, Stansiyanın idarətetmə mərkəzinin nüvə mühəndislərinin etirazına baxmayaraq, baş operator Anatoli Dyatlovun təzyiqi ilə bu 200-dək aşağı endirilir. Turbinlərdə su çatışmazlığı haqda cihazların xəbərdarlıq siqnalına ciddi əhəmiyyət verilmir.

Saat 01.24. Operator aztəzyiqli reaktoru bağlamaq istəyir. Lakin artıq gec idi. Güclü zərbə reaktoru əhatə edərək onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1200 tonluq qoruyucu dəmir çəmbəri yerlə yeksan edir. Gecəni gündüzə çevirən güclü alovları onlarla kilometr məsafədən seyr etmək mümkün idi.

Bu, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş ən dəhşətli qəza idi, onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. Bir neçə gün ərzində Pripyat şəhərində və stansiya ətrafında yaşayan 130 min nəfər sakin evakuasiya olunur. Onlar bir daha heç vaxt öz evlərinə dönə bilməyəcəklərini bilmirdilər…

9 gün, 9 gecə 2 minə yaxın vertolyot, minlərlə avtotexnika partlayış baş verən 4-cü blokun üzərinə fasiləsiz olaraq qum, çınqıl və digər maddələr tökürlər. Reaktora radiopultla idarə olunan sürücüsüz maşınlarla müxtəlif materiallar da tökürlər. Qısa müddətdə blokun üzərində 5 min tonluq dağ əmələ gəlir.

Lakin 130-dək azərbaycanlı xilasedicinin də daxil olduğu 600 mindən artıq Sovet insanının göstərdiyi inanılmaz qəhrəmanlığa baxmayaraq, “Sarkofaq” əməliyyatı təhlükəni tam aradan qaldıra bilmir, şüalanma yenə də davam etməkdə idi...

Çernobıldakı qəzanın əsl səbəbi haqda müxtəlif versiyalar var. AES-in 4-cü reaktorundakı qəzanın operatorun səhvi, sınaqların düzgün hesablanmaması, reaktora kürə ildırımının düşməsi, SSRİ-ni çökdürmək üçün Qərb dövlətlərinin stansiyaya yerləşdirdiyi əməkdaşın təxribatı…

Əsl sirr isə, AES-in beton sarkofaqı altında əbədi olaraq gömülüb.

“Çernobıl”ın acı dərslərindən nəticə çıxarılmadı

SSRİ-yə bu qəza çox baha başa gəldi. AES-lərin verdiyi qazancdan da xeyli baha. Hazırda Çernobıl AES-in 30 kilometr radiusundakı ərazilər ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağandır…

Ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər səslənir. Qəza zamanı 2 nəfər həkak oldu, sonrakı günlərdə ölənlərin sayı 30-a çatdı. Sonrakı dövrdə isə şüalanmadan ölənlərin sayı artdı.

5 milyon hektara yaxın torpaq radioaktiv şüalanmaya məruz qaldığı üçün indiyədək istifadəsiz qalıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün Çernobıl AES ətrafında onlarla kiçik qəsəbə və kənd məhv olunub.

Şəhər ətrafında yüksək radiasiyalı minlərlə vertolyot, müxtəlif avtotexnika və traktorların “əbədi paradı”nı görmək olur.

“Kabuslar şəhəri”ndə insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra yaşaya biləcək. Bu ərazi ancaq 50 min ildən sonra isə tam təhlükəsiz hala gələcək...

Bu qəza bəşəriyyətin taleyinin hər an böyük təhlükə altında olduğu barədə hələ ötən əsrin ortalarında alimlər tərəfindən edilən xəbərdarlığın necə vacib olduğunu bir daha ortaya qoydu. Lakin tarix göstərdi ki, insanlar bu “dərs”dən nəticə çıxara bilməyiblər.

2011-cü ildə martın 11-də Yaponiyada zəlzələ sonrası baş vermiş “Fukusima” AES qəzası “Çernobıl”ı təkrarladı. Bu qəzada ətrafa atılan radioaktiv maddə “Çernobıl”dakından 20 dəfə çox idi. “Fukusima”nın radiasiyası yeraltı sulara və Sakit okeana da qarışdı. Güclü şüalanma nəticəsində ümumilikdə 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.

…Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar...

AES tərəfdarları üçün “soyuq duş”

Tarixdən gördüyümüz kimi, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə adi AES qəzasının öhdəsindən gələ bilmədi. Yaponiyadakı qəza AES-in xidmətindən istifadə edən ölkələrin hamısında ciddi təşvişlə qarşılandı. Almaniya kansleri Angela Merkel bəyan etdi ki, ölkədəki AES-lərin bir çoxunu, o cümlədən 7 AES-in fəaliyyətini dayandıracaq. Bunun əvəzinə mümkün qədər külək və ya günəş enerjisindən istifadəyə imkan verəcək daha çox stansiyaların tikiləcəyini söyləyib.

Yeri gəlmişkən, hazırda Almaniyada 18 AES var. Onlar ölkənin elektrik enerjisinə olan tələbatının 22 faizini ödəyir. İsveçrə və Braziliya da analoji addım atmağa hazırlaşırlar.

İngiltərədə son illərdə bəzi AES-lər bağlanıb. Fransa və İsveçdə yeni AES-lərin inşasına moratorium qoyulub. Digər ölkələrdə də narahatlıq var və AES-lər əleyhinə ictimai etirazlar çoxalıb.

Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün “soyuq duş” oldu. Halbuki, Çernobıl qəzasını “unudan” bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər. Həmin şəxslər “Fukusima”dan sonra da öz amplualarındadır.

Sağlam həyat və iqtisadi gəlirlər arasında seçim

Atom Elektrik Stansiyası bir və ya daha çox sayda nüvə reaktorunun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır. Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 400-500 ilə kifayət edəcəyi ehtimal olunur.

Neft-qaz ehtiyatının isə cəmi 60-70 ilə kifayət edəcəyi proqnoz edilir. Üstəlik, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Necə dəyərlər, enerji təhlükəsizliyi hər bir dövlət üçün ölüm-qalın məsələsinə dönüb.

AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.

Bəzi mütəxəssislər vurğulayırlar ki, indiyədək istilik stansiyalarında baş vermiş qəzaların və insan itkilərinin sayı atom elektrik stansiyalarında olduğundan dəfələrlə artıqdır. Amma bu, ciddi əks-arqument kimi qəbul oluna bilməz, çünki İES-lərin sayı AES-lərin sayından dəfələrlə çoxdur.

Qeyd edək ki, kiçik qəzaları nəzərə almasaq, indiyədək dünyada 3 böyük atom qəzası qəza baş verib - biri ABŞ-da, biri SSRİ-də, biri də Yaponiyada. Bir neçə dəfə isə “Tanrı insanların üzünə gülüb” - qəzanın qarşısı son anda alınıb.

Hansı ölkələrdə var, hansılarda olacaq, hansılarda ləğv ediləcək?

Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 440-a çatıb. Onlardan 300-ün istismar vaxtı keçib.

ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Rusiyada 31, Almaniyada 18, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 4 AES var. Amma Çində daha 6-sı də inşa edilir. Yaxın illərdə bu sıraya daha bir neçə ölkə qoşulacaq.

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, Yaponiya 34, Ermənistan 33, Almaniya 30, İngiltərə 22, ABŞ 20, Rusiya 15 faizini təmin edir.

2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.

Bununla yanaşı, qabaqlar AES-lərə malik olan, lakin sonradan öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina edən ölkələr də var - Avstriya, Danimarka, Filippin, İtaliya, Qazaxıstan. Almaniya da AES-ləri qapatmağa hazırlaşır.

Azərbaycanın hansı siyahıda olacağı, hələlik, tam müəyyən edilməyib. Bəs bizim atom enerjisinə nə dərəcədə ehtiyacımız var, ümumiyyətlə, varmı?

İri enerji resurslarımız olduğu halda riskə dəyərmi?

Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları, böyük alternativ enerji mənbələri olan Azərbaycanda atom enerjisindən istifadə məsələsindən danışmağa belə ehtiyac yoxdur.

Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda əsrin sonunadək bəs edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Bizim perspektiv neft-qaz yataqlarımız da var ki, gələcəkdə onlardan böyük həcmdə yanacaq çıxarmaq mümkündür.

Azərbaycan, hələlik, özünün hidroresurslarından, alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.

Ümumiyyətlə, böyük əksəriyyət hesab edir ki, biz atomsuz da keçinərik. Təbiət bizə yerüstü və yeraltı enerji mənbələri bəxş edib ki, hələ yüz illər boyu enerji problemini yoluna qoymağa kifayət edər. Ona görə də, düşünmək lazımdır- “beş on manat” artıq qazanc naminə təhlükəli riskə getməyə dəyərmi? Bu sualın cavabını “Çernobılçılar” daha obyektiv verə bilərlər…

Qafqazda “3-cü Çernobıl”ın baş verməsi ehtimalı yüksəkdir

Yetişməkdə olan daha bir “Çernobıl” isə Ermənistandadır. Azərbaycan beynəlxalq aləmdə həyəcan təbili çalmaqda davam edir ki, “Metsamor” AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. Bu AES-də köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.

1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Onun təhlükəsizlik sistemləri isə demək olar ki, yoxdur.

Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində “Metsamor” AES də yararsız vəziyyətə düşüb. Möcüzə sayəsində Qafqazda “İkinci Çernobıl” baş vermədi.

MAQATE və Avropa İttifaqının ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.

Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən “Metsamor” AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyıb. Beləcə, Qafqazın ortasında bir kabus dolaşmaqdadır- “3-cü Çernobıl kabusu”…

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Çernobıl haqda maraqlı film

https://www.youtube.com/watch?v=eR3BvjwlK3I

Bütün xəbərlər Facebook səhifəmizdə