Vüqar Bayramov: “Mərkəzi Bank yumşaq pul-kredit siyasətinə keçərək, manatın məzənnəsinin pilləli azalmasına nail olmalıdır”

Vüqar Bayramov: “Mərkəzi Bank yumşaq pul-kredit siyasətinə keçərək, manatın məzənnəsinin pilləli azalmasına nail olmalıdır”

Azərbaycanda ABŞ dollarının milli valyutaya (manat, AZN) qarşı rəsmi məzənnəsi minimal psixoloji həddə - 0,7900 AZN/1USD-yə düşüb.Qeyd edək ki, əvvəlki minimal psixoloji hədd (0,8000 AZN/USD) 2010-cu ilin dekabrın 2-də qeydə alınıb.

Qeyd edək ki, dolların 0,79 manatlıq məzənnəsi sonuncu dəfə 1999-cu ilin mayın 9-da müşahidə olunub. Beləliklə, dolların manata qarşı məzənnəsi 12 illik minimuma çatıb.


İqtisadçı-erkspert Vüqar Bayramovun fikrincə, manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsi və ya dolların manata nisbətən məzənnəsinin aşağı düşməsi dünya bazarında dolların məzənnəsinin başqa valyutalara nisbətən azalması ilə bağlıdır. Eyni zamanda bu Mərkəzi Bankın yeritdiyi kəskin pul-kredit siyasətindən irəli gəlir: "Dolların məzənnəsinin azalması ABŞ iqtisadiyyatında müşahidə edilən problemlər, o cümlədən ABŞ-ın daxili borcunun ümumi daxili məhsulun 97,2 faizinə çatması ilə bağlıdır. Bu da dolların dünya bazarındakı mövqelərinə kəskin təsir göstərir. Baxmayaraq, dolların manata nisbətən məzənnəsi stabilləşib, digər valyutalara nisbətən məzənnədə azalmalar baş verdiyindən bu, dolların manata nisbətən məzənnəsinə təsir edir. Mərkəzi Bankın kəskin pul kredit siyasətini davam etdirməsi, bank məzənnə siyasətinə inzibati müdaxiləsi manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsinə gətirib çıxarır".

İqtisadçı bildirir ki, manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsi yalnız siyasi deyil, iqtisadi səbəblərlə bağlıdır: "Mərkəzi Bank manatın məzənnəsini möhkəmləndirməklə manatla yığımların payının artmasına nail olmaq istəyir. Həmçinin bununla ölkəyə idxal olunan məhsulların manatla ifadəsində qiymətlərinin aşağı düşməsinə çalışır. Bu gün milli valyutanın məzənnəsi idxal və ixracın tənzimlənməsi aləti kimi də istifadə olunur. Milli valyutanın dollara nisbətən məzənnəsinin möhkəmlənməsi idxalı stimullaşdırır, ixracı tormuzlayır.

Yeri gəlmişkən, indiki halda Mərkəzi Bank məzənnə dəyişikliyindən aktiv inflyasiya tədbiri kimi istifadə edir. Lakin bunun kifayət qədər neqativ təsirləri var. Bütün hallarda milli valyutanın məzənnəsinin möhkəmlənməsi ixracatı tormuzlayır. Azərbaycanda istehsal olunan məhsulların maya dəyərinin dollarla ifadəsində şişməsinə gətirib çıxarsa da həmin məhsulların ixrac qabiliyyətini aşağı salır. Bu isə yerli istehsalın, qeyri-neft sektorunun dəstəklənməsi baxımından qorxulu tendensiyadır".

Mütəxəssis idxaldan asılılığın arzuolunan olmadığını diqqətə çatdırır: "Mərkəzi Bank manatın möhkəmlənməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirməlidir. Kəskin pul kredit siyasətini seçməklə inzibati müdaxilələrdən manatın məzənnəsinin möhkəmlənməsi üçün istifadə edilməsi uzunmüddətli perespektivdə Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlərin yaranmasına səbəb ola bilər. O baxımdan Mərkəzi Bank yumşaq pul-kredit siyasətinə keçərək, manatın məzənnəsinin pilləli azalmasına nail olmalıdır".

V.Bayramov hesab edir ki, manatın məzənnəsinin son möhkəmlənmələri Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər.


Bütün xəbərlər Facebook səhifəmizdə