Samir Şərifov: “2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır”

Samir Şərifov: “2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır”

Bu gün Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət komitəsinin birgə iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdə olan ilk məsələnin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin olduğunu bildirib.

Komitə sədri söyləyib ki, son vaxtlar Azərbaycanın büdcə gəlirlərinin, maliyyə imkanlarının artmasını nəzərə alaraq büdcədə dəyişikliklər edilməsi zərurəti yaranıb.

İclasda qanun layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov büdcənin yeni göstəriciləri haqqında məlumat verib. Onun sözlərinə görə dəyişikliklərə əsasən, 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır.

Artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 15 554,2 mln. manat olacağını dilə gətirən nazir söyləyib ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29 faiz çoxdur.

S.Şərifov qeyd edib ki, Büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək.

"Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25 faiz artırılır. Artımdan sonra xərclərin 48,4faizini və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4faizini və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2 faizini və ya 346,7 mln. manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edəcək. Cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 mln. manatın 462,7 mln. manatı və ya 66,3faizi ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara əlaqədar 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləği arasındakı fərqin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək"- deyə maliyyə naziri qeyd edib.

S.Şərifov həmçinin bildirib ki, dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8 faizi həcmində və yaxud 2 484,1 mln. manat vəsait yönəldiləcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş ilkin göstəriciyə nisbətən 73,5 faiz çoxdur: "Büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687 mln. manat vəsaitin əlavə gəlirlər hesabına 300 mln. manat azaldılması nəzərdə tutulur".

Daha sonra iclasda deputatlar çıxış edərək dəyişikliklərin edilməsini müsbət qiymətləndiriblər.

İclasın davamınd isə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun 2011-ci il büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə də qanun layihəsi müzakirə olunub.

Bununla bağlı çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, dəyişikliklər əsasən pensiya və müavinətlərin artımı üçün nəzərdə tutulub.

Sonda hər iki layihə Milli Məclisin növbəti iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə