İtirilən milyardları yenidən qazanmaq olar - ARAŞDIRMA

Ekspertlər: "Üzümçülük aqrar sektorda 1 nömrəli gəlirli sahədir və bu sahədən neftdən də çox gəlir əldə edə bilərik"

Azərbaycan iqtisadiyyatının diversifikasiya məsələsi uzun müddətdir ki, hökumətin elan etdiyi əsas prioritetdir. Azərbaycan Prezidenti İlham Əliyev hələ neftin ucuzlaşmağa başlamasından bir neçə il əvvəl- 2013-cü ildə hökumətin iclaslarının birində diversifikasiya məsələsinə toxunaraq demişdi: "İqtisadiyyatın şaxələndirilməsi məsələsi, qeyri-neft sektorunun inkişafı bizim üçün iqtisadi sahədə əsas prioritetdir". Bundan sonra qeyri-neft sektorunun, xüsusilə də aqrar sektorun inkişafı üçün işlər daha da sürətləndi, bu sahəyə dövlət investisiyası artırıldı və stimullaşdırıcı tədbirlər daha da geniş vüsət aldı.

Ümumiyyətlə, son illərdə neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna investisiya edilməsi yolu ilə həmin sahələrin inkişafına nail olmaq üçün müxtəlif dövlət proqramları hazırlanıb həyata keçirilir. Belə sahələrdən biri də böyük ənənələri olan və yüksək gəlir vəd edən üzümçülük sektoru və şərabçılıq sənayesidir.

Üzümçülük niyə və necə məhv edildi?

Ötən əsrin 80-ci illərində respublikada artıq 220 min hektar sahədə üzümlüklər salınmışdı və ordan əldə edilən məhsul Azərbaycanın və Sovet İttifaqının böyük bir hissəsinin üzümə və şəraba tələbatını təmin etməyə imkan verirdi. Üstəlik, Azərbaycan şərabı və konyakı bir çox xarici ölkələrin bazarına da çıxırdı.

Azərbaycanda üzümlüklərin qırılmasından azacıq əvvəl 1984-cü ildə respublikada rekord həcmdə- 2 milyon tondan çox üzüm yığılmışdı və hər hektardan məhsuldarlıq 100 sentner olmuşdu. Həmin illərdə ölkədə 100-110 mln. dekalitr çaxır materialı, 10,4 mln. dekalitr şərab, 1,4 mln dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. Respublikada ümumi gücü 1,8 milyon ton olan 181 şərab zavodu işləyirdi.

Lakin Sovet İttifaqının sonuncu rəhbəri M.Qorbaçovun alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edildi.

İttifaq dağıldıqdan sonra isə kənd təsərüfatının ənənəvi və gəlir verən, çoxillik bitkilər əkilmiş, bağlar salınmış torpaq sahələri ləğv edilmiş kolxoz və sovxozlardan kəndlilərə bölündü. Ağır sosial vəziyyətə düşmüş kənd əhalisi üzümlükləri sürətlə qırıb-dağıtdı və yerində birillik bitkilər əkməyə başladı. Halbuki, birillik bitkilər isə hər il böyük xərclər və əziyyət tələb edir. Üstəlik, gəlirliliyi üzümə nisbətən dəfələrlə aşağıdır. Üzümlüklərin məhvi nəticəsində şərab zavodlarının çoxu da fəaliyyətini dayandırmağa məcbur oldu.

İndi üzümlükləri bərpa etmək üçün ağır zəhmət və böyük vəsaitlər tələb olunur. Son illərdə yenidən üzüm bağları salınır və şərabçılıq da inkişaf edir. Azərbaycan üzümünün dünyada ən yüksək dəyərliliyə malik olmasını nəzərə alsaq, dünya bazarında yüksək qiymətə konyak və şərab məhsulları ilə çıxa bilərik.

Mütəxəssis: "Üzümçülükdən xeyli gəlir əldə etmək olar"

Üzümçülük rayonlarında birində vaxtilə aqronom işləmiş Valeh Hüseynov deyir ki üzümçülük dünyada hektardan götürülən gəlirə görə 1-ci yeri tutur: "Üzüm bağları bir dəfə salınır və azı 80 il məhsul verir. Düzgün arqotexniki qulluq edildikdə, hər hektardan 100 sentner məhsul yığmaq olur. Digər əkin sahələri ilə müqayisədə üzüm sahələrindən dəfələrlə çox qazanc götürülür".

Mütəxəssisin fikrincə, üzümçülük xüsusi elmi yanaşma tələb edən sahə olduğundan bu sektorun inkişafı üçün fərdi qaydada məşğul olmaq effekt vermir. Hazırda ölkəmizdə üzüm sahələrinin hər hektarından təxminən 100 sentner məhsul əldə edildiyini deyən mütəxəssisin fikrincə, bu həddən çox aşağı göstəricidir. Onun sözlərinə görə, əgər yeni texnologiyalardan istifadə olunarsa və aqro-texniki qaydalara riayət edilərsə, məhsuldarlığı yüksək səviyyəyə qaldırmaq mümkün olar. Yəni, hektardan azı 50 ton üzüm əldə etmək mümkündür.

Aqronom Azərbaycanda üzümçülük və şərabçılıq üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, bu üzümçülük məhsullarının ixracından ölkəyə xeyli valyuta cəlb etmək olar: "Keçən əsrin 80-ci illərində respublikadan kənara 230-240 min ton süfrə üzümü ixrac edilirdi. Hazırda bu qədər ixracımız olsa milyardlarla gəlir əldə edərdik. Üzümdən şərab, üzüm şirəsi, bəhməz, kişmiş, mürəbbələr və sair məhsullar istehsalı təşkil etmək olar. Üzüm bağlarını və istehsalı artırmaq, xarici bazara da keyfiyyətli məhsul çıxarmaq üçün böyük imkanlar var. Bunu etməklə respublikaya xeyli gəlir gətirmək mümkündür".

"Hər il bu sahədən milyardlarla gəlir itirilir"

SSRİ texniki elmlər namizədi, şərabçılıq üzrə mütəxəssis Gülağa Ağazadənin sözlərinə görə, üzümçülük sektoru dağıdılmasaydı indi, ondan götürdüyümüz gəlir bəlkə də neftdən əldə etdiyimiz gəlirlərdən çox olardı.

Mütəxəssis deyir ki, vaxtilə iqtisadiyyatımızda dövlət büdcəsinin 40 faizini verən bir sahə indi iflasa uğrayıb: "Dünyada ən keyfiyyətli və məhsuldar üzüm sortları Azərbaycanda yetişir. Amma biz bu məhsulu layiqli şəkildə dünya bazarına çıxara bilmirik. Üzümçülüyün inkişaf etdirilməsi hesabına Fransa, İspaniya, İtaliya, Portuqaliya, Argentina və bir çox başqa dövlətlərdə şərabçılıqdan külli miqdarda gəlir əldə edilir. Dünya bazarında Fransa, İtaliya konyak və şərabları şüşəsi minlərlə dollar qiymətinə satılır və həmin ölkələr bu sektordan milyardlarla gəlir götürürlər.

Belə şirkətlər Azərbaycanda da var. Onlardan bəzilərinin şərab və konyakları dünya bazarında bir neçə yüzdən bir neçə min dollara qədər qiymətdə satılır. Lakin təəssüf ki, belə bir böyük potensiallı sahədən respublika səviyyəsində səmərəli istifadə edilmir və hər il milyardlarla gəlir itirilir".

Daxili bazardakı yerli və xarici məhsulların çeşidi ilə bağlı məsələyə gəldikdə ekspert yerli məhsulların üstünlük təşkil etdiyini, xaricdən daha çox bizdə istehsal olunmayan likor, viski və digər bir sıra içkilərin gətirildiyini bildirib: "Lakin əminliklə söyləmək olar ki, bəzi şərab və araq məhsullarına görə yerli istehsalda keyfiyyət səviyyəsi çox aşağıdır ki, onlar da yalnlız qiymətinin ucuzluğuna görə bazarda özlərinə yer edə biliblər. Bu gün zəngin şərabçılıq ənənələrinə malik Azərbaycanda bir neçə marka istisna olmaqla, əksər şərabçılıq məhsulları keyfiyyət tələblərinə cavab vermir".

Mütəxəssisin sözlərinə görə, son illərdə yerli brendlər tanınmağa başlayıb, lakin keyfiyyəti daha da artırmaqla ən azı keçmiş SSRİ məkanında Azərbaycan konyak və şərablarının keçmiş şöhrətini qaytarmaq olar və spirtli işkilər bazarında Azərbaycan brendlərinin daimi üstünlüyünü təmin etmək olar.

Üzüm istehsalını yarım milyon tona çatdırmaq mümkündür

Hazırda respublikada 17 min hektardan artıq üzüm sahələri var ki, bu sahələrdən 170 min tona yaxın məhsul yığılır, məhsuldarlıq hektara 100 sentner təşkil edir. Həm sahələrin, həm də istehsalın həcmi 30 il əvvəlkinə nisbətən 15 dəfə azdır.

Kənd Təsərrügatı Nazirliyində hesab edirlər ki, bu, mövcud potensiala nisbətən xeyli aşağı rəqəmdir. Lakin yaxın gələcəkdə üzüm sahələrinin 50 min hektara, məhsul yığımının isə 500 min tona çatdırılması imkanları var. Respublikanın daxili tələbatı 200 min tondur. Nazirlikdə hesab edirlər ki, həm daxili təlabatı ödəmək, həm də ölkədən kənara məhsul ixrac etmək üçün təxminən 400 min ton məhsul kifayət edər.

Qeyd edək ki, 2002-ci ildə prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən "Üzümçülük və şərabçılıq haqqında" Qanun qəbul olunub. 2011-ci ilin dekabrında prezident İlham Əliyev "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib.

Bu Dövlət Proqramı ölkədə üzümçülüyün və şərabçılıq sənayesinin inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi daşıyırdı. Proqramın davam etdirilməsi və ya yeni dövlət proqramının qəbul edilməsi ilə bu sahədə daha çox işlər görmək olar, beləliklə də Azərbaycanda üzümçülük və şərabçılıq sənayesi yaxın vaxtda öz keçmiş şöhrətini qaytara bilər və ölkə iqtisadiyyatının diversifikasiyasında ən mühüm sahələrdən biri kimi öz yerini tutar.

Üzümçülük həm aqrar, həm sənaye sahəsidir, özü də yüksək gəlirlilikli bir sahə. Azərbaycanın isə sırf bu sahə üzrə çox böyük potensialı və bu sahənin inkişafı üçün çox gözəl perspektivi var. Qalır bu potensialdan effektiv istifadə etmək. Bununla yüz minlərlə insanı iş yeri ilə təmin etmək, ölkəyə xeyli məhsul və gəlir vermək olar. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə effektiv işlər həyata keçirəcək.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə