Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir"
Bu gün enerji siyasəti dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Müstəqil Azərbaycan dövləti hazırda dünyada nəhəng neft ixrac edən ölkələrdən biri kimi tanınır. Eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik. Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ həyata keçirdiyi milli neft strategiyası öz bəhrəsini verir. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşması sayəsində artıq hər gün 1 milyon barrelə yaxın yüksək keyfiyyətli Bakı nefti dünya bazarlarına çıxarılır. Prezident İlham Əliyevin İtaliyanın nüfuzlu "RAI International" telekanalına müsahibəsində xüsusi qeyd etdiyi kimi, "Azərbaycanın enerji ehtiyatları artıq Avropa, dünya enerji bazarlarına çatdırılır və əlbəttə ki, Azərbaycan bunlardan yararlanır, iqtisadi inkişaf, eyni zamanda bir çox sosial problemlərin həlli deməkdir və ölkənin regional mövqeləri əhəmiyyətli dərəcədə güclənmişdir".
Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi unikal sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın innovativ inkişafı və dərindən şaxələndirilməsi həlledici rol oynamışdır.
Son 17 ildə dövlətimizin başçısı İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək" tezisinə uyğun olaraq neft gəlirlərinin qeyri-neft sektoruna istiqamətləndirilməsi Azərbaycanın qarşıya çıxan hər bir çətinlikdən az itki ilə çıxmasını şərtləndirir. Pr6ezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, investisiyalar əsasən enerji sektoruna yatırılmışdır. Onların həcmi 30 milyard dollardır. Bu, iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını qazandırıb. Qarşıdakı illərdə daha çox diqqət göstərilən sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.
Dövlətimizin başçısı daim bu inamı ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq işğaldan azad edilmiş torpaqlarda bərpa proqramına uyğun olaraq görüləcək işlər 30 ilə yaxın öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışı ilə başa çatacaq və bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək, ölkəmiz bu sahədə mövcud imkanları ilə dünyanın diqqətində olmaqla yanaşı, investisiya cəlbediciliyini artıracaq.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı da sözügedən məsələyə toxunaraq bildirmişdir ki, Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir.
"Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir"
"Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları, tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür". Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda onun bir çox parametrlər üzrə olduqca unikal bir lahiyyə olduğunu deyib: "Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir və həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, 2500 metr hündürlükdə olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir".
Göründüyü kimi, bu gün Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir. Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Bundan bir il sonra–2019-cu il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Bir sözlə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının videokonfrans formatında keçirilən 7-ci iclası bu böyük layihənin tamamlanmasından sonra ilk belə iclas olduğundan böyük əhəmiyyət daşıyırdı. Çünki layihə tamalandıqdan sonra əldə edilmiş nailiyyətlərin nəzərdən keçirilməsi və perspektivlərin geniş müzakirəsi vacib idi. 2012-ci ilin ortalarında 2021-ci ilə kimi - 8 illik davamlı və gərgin fəaliyyətdən sonra böyük uğurla başa çatdı.
Azərbaycan qazını özləri üçün etibarlı və uzunmüddətli mənbə hesab edən Avropa üçün enerji təhlükəsizliyi məsələləsində yeni bir dönəm başlayır
Enerji təhlükəsizliyi məsələsi bu gün bütün ölkələrin milli təhlükəsizlik məsələsi səviyyəsinə qalxması ilə yanaşı, Azərbaycan qazını özləri üçün etibarlı və uzunmüddətli mənbə hesab edən Avropa üçün də enerji təhlükəsizliyi məsələləsində yeni bir dönəm başlayır. Kifayət qədər iri regional layihə kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Avropanın qazdan asılılığı məsələsini həll etməklə yanaşı, eyni zamanda valyuta daxilolmaları nöqteyi nəzərindən Azərbaycanın iqtsadi dividentlərinə yaxın müddətli perespektivdə əhəmiyyətli valyuta daxilolmalarının da şahidi olacağıq. Lakin bu, Azərbaycan üçün təkcə investisiya resuruslarının yaxın müddətdə genişləndirilməsi demək deyil, həm də Avropayla müxtəlif istiqamətlər üzrə danışıqlar masasında mövqeyinin xeyli dərəcədə gücləndirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Avropada qazın həm idxalından asıllıq artır, həm də ki, ümumiyyətlə, qaza təlabat son illər ərzində yenə də artmaqda olduğundan Azərbaycanın bunun gələcəyə hesablanmış növbəti uğurlarının başlanğıcı da hesab edə bilərik. Rəqəmlər və atılan addımlar onu deməyə əsas verir ki, Azərbaycan qısa zamanda dünyadakı mövqeyini daha da möhkəmləndirmək və sözünü dünyaya çatdırmaq üçün enerji layihəsindən də çox bir siyasi gediş etdi. Heç şübhəsiz ki, bu gün Avropa İttifaqı və Xəzərin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilən Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması və bu gün TAP-ın istismara verilməsilə daha yüksək səviyyəyə keçid alması, ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində mümkün oldu.
Bir sözlə, bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində sözün həqiqi mənasında dəyişkən enerji xəritəsi formalaşdıra bildi. Bu gün dünyanı heyrətləndirən meqalayihələrin təşəbbüskarına çevrilən ölkəmiz yalnız regionun deyil, Avropanın belə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın həm coğrafi, həm də regional mövqeyini möhkəmləndirir.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB