Avropa ilə bağlı bədbin proqnoz...

Dünya Bankının proqnozlarına görə, Avropa Birliyinin bir hissəsi olan Orta və Şərqi Avropa ölkələri əsasən yüksək gəlirli ölkələrdir. Təbii ki, bu belə qəbul edilir.

Amma, mən burada bir haşiyə çıxıb, şəxsən mənə maraqlı görünə bilən bəzi nüansları diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, Qərb ölkələrindəki yaşam tərzi deyərkən, Sizə elə gəlməsi ki, Avropada hamı əla yaşayıb "şah" kimi dolanır. Xeyir! Bu gün dünyanın bir çox nöqtələrində müşahidə edilən ayrıseçkilik Avropanın Qərb və Şərq ölkələri arasında qabarıq şəkildə müşahidə edilməkdədir. Mənim yadıma bir müddət əvvəl Avropa ölkələri arasındakı idxal və ixracla bağlı oxuduğum bi yazı düşür. Deməli, bu gün Avropa ölkələri marketlərində satılan mallar keyfiyyətcə müxtəlifdir.

Yəni, Fransada və ya Almaniyada alıcıya təklif olunan hər hansı bir ərzaq məhsulu, deyək ki, Slovakiya və ya Macarıstan alıcısına təklif olunan mallardan həm ucuz, həm də keyfiyyətlidir. Maraqlıdır ki, bu "keyfiyyətsiz" mallar alıcılara daha çox Varşava İttifaqından qopub sonradan Avropa Birliyinə qoşulan ölkə marketlərində təklif edilir.

Nə isə, bütün bunlar ayrı bir yazı mövzusu olsa da, qeyd etməliyəm ki, bu gün Qərb müvəffəqiyyəti ilə öyünsə də, amma hələ zəngin ölkələr kimi yetişməyib.

SİA bu qənaətə Avropa mətbuatındakı yazı xülasələrinə istinad edərək bildirir: Avropada adambaşına düşən gəlir hələ də Avropa Birliyinin ortalamasından çoxdur. Bu avropalı iqtisadçıların gəldiyi qənaətdir.

Hər şeydən əvvəl, bu onilliyin əvvəlində bütün Avropa Birliyi ölkələrinin böyük problemlərlə üzləşməli olacaqlarını etiraf etməliyik. Hələ indidən verilən proqnozlara görə, böhran nəticəsində Orta və Şərqi Avropa dövlətləri də istehsal və tələbin azalması ilə qarşılaşacaqlar.

Beləliklə, Avropa Komissiyasının proqnozlarına görə, Almaniyanın ÜDM-i 5,6 faiz azalacaq. Sloveniya (7,1 faiz), Slovakiya (7,5 faiz), Macarıstan (6,4 faiz) və Xorvatiya (9,6 faiz) kimi Orta və Şərqi Avropa ölkələrində bu azalma daha şiddətli olacaq. İstisnaların isə Polşa (3,6 faiz) və Litva (2,2 faiz) olacağı ehtimal edilir.

Bununla birlikdə, Orta və Şərqi Avropadakı geriləmə Cənubi Avropadakından daha az olacaq. Belə ki, İspaniya (12,4 faiz), İtaliya (9,9 faiz), Portuqaliya (9,3 faiz) və Yunanıstan (9,4 faiz) daha böyük bir böhran yaşayacaqlar. Təbii ki, bütün bunlar Qərbdə əvvəllər də yüksək olan işsizliyin daha da çoxalmasına stimul yaradacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə