"Laçın rayonu böyük strateji-iqtisadi əhəmiyyətə malikdir" - EKSPERT

"Laçının kifayət qədər geniş olan rekreasiya imkanlarının və regionun mineral su ehtiyatları mövcudluğu içki sənayesində yeni emal güclərini ortaya çıxaracaq". Bunu SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, rayon ərazisində olan İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı və zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək: «Biz bu imkanlardan istifadə edərək rayonda “içki sənayesi – turizm –rekreasiya” üçbucağın yaradılmasına nail ola bilərik. Əgər bunu müasir tələblərə uyğun şəkildə qura bilsək, bu üçbucaq zəncirvari reaksiya effekti ilə turizm üçün daha cəlbedici amilə çevriləcək".

E.Əmirov qeyd edib ki, bu rayon əhatə etdiyi ərazilərə görə Azərbaycanda 8-ci inzibati rayon olmaqla böyük strateji-iqtisadi əhəmiyyətə malikdir. Eyni zamanda bura Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş rayonudur. Laçın şəhəri isə iqtisadi rayonun önəmli şəhəri hesab edilir: "Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil etmişdir. İşğaldan sonra da qoyunçuluq, maldarlıq və arıçılıq təsərrüfatlarının yaratmaqla bu sahələr rayonun iqtisadi inkişafında aparıcı sahələrdən birinə çevirmək olar. Bununla parelel kənd təsərrüfatının əkinçilik və bitkiçilik potensialından da maksimum yararlanmaq lazımdır. Çünki Paritet indeksinin Laçın üzrə hər zaman müsbət göstəriciyə malik olması bu potensialın reallaşdırılması üçün geniş zəmin yaradır".

İqtisadçı vurğulayıb ki, Kəlbəcər kimi Laçında da civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad kimi çox növlü faydalı qazıntı ehtiyatlarının olması bu rayonun iqtisadi potensialını artırmış olur. Hər iki rayonun qonşu olması ehtiyatların hasilatdan sonrakı emal proseslərində bircə işlənmənin tətbiqinə imkan verəcək ki, bu da rentabellik göstəricilərinin yüksəldilməsinə şərait yaradacaqdır: "Bizim “Laçın dəhlizi” kimi tanıdığımız yol əslində İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoludur. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşir. Perspektivdə bu yolun daha da genişləndiriləcəyini və rus sülhməramlılarının bu dəhlizdə əbədi qalmayacağını, tədricən münasibətlərin fərqli istiqamətdə inkişaf edəcəyini nəzərə alsaq deyə bilərik ki, bir müddət sonra Laçın ticarət fəaliyyətlərinin nəticəsində də bəhrələnən bir rayon olacaq. Çünki bu gün daha çox hərbi münaqişədə adı hallanan bu marşurut bir gün öz təyinatını ticari münasibətlərdə və yük daşımaçılığına dəyişəcək. Bu gün bu mənzərəni təsəvvür etmək çətin olsa da, amma tarix bunu göstərir ki, belə keçidlər, əvvəl müharibələrə xidmət edir, sonra ticarətə. Məsələn, Xudafərin körpüsü. Illər boyu müharibələrin xidmətində duran bu keçid artlq təyinatını çoxdan dəyişib. Odur ki, Qarabağın, eləcə də ətraf rayonların Ermənistanla əlaqəsi bu cografiya üzərindən edilməsi buranın iqtisadi təşəkkülünə öz təsirini göstərəcək. Çünki, burada təkcə ədədi əmtəə bazarının yüksəlişi deyil, eyni zamanda Kontraktasiya müqavilələrinin bağlanması üçün çox əlverişli mühit yaranacaqdır".

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...