2011-ci ilin ilk rübündə ÜDM artaraq 10,4 mlrd manat olub

2011-ci ilin ilk rübündə ÜDM artaraq 10,4 mlrd manat olub

2011-ci ilin I rübündə ÜDM-nin real artım tempi 1,6% təşkil edib və cari qiymətlərlə 10,4 milyard manat olub. SİA-nın məlumatına görə adambaşına düşən ÜDM-nin həcmi real ifadədə 0,3% artaraq 1157,4 manat (1455,1 ABŞ dolları) təşkil edib.


Bu dövrdə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 5,6% artması ilə nəticələnib. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən rabitə sahəsi 23,5%, nəqliyyat sahəsi 13,7%, kənd təsərrüfatı 5,3%, qeyri-neft sənayesində məhsul istehsalı isə 9,8% artıb.

2011-ci ilin I rübündə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 1775,8 mln. manat və ya ötən ilin müvafiq dövründə olduğundan müqayisəli qiymətlərlə 2,5% çox əsas kapitala investisiya yönəldilib. Əsas kapitala qoyulmuş vəsaitin 73,3%-ni daxili investisiyalar, 26,7%-ni isə xarici investisiyalar təşkil edilib.

2011-ci ilin 1 mart tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 9,6% artaraq 8943,9 mln. manat təşkil edib.

2011-ci ilin 1 mart tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nəzərən 29,7% artaraq 3,1 mlrd. manat təşkil edib.

Hesabat dövründə əhaliyə 4936 mln. manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,5% çox geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib.


Bu dövrdə 2009-cu ilin I rübü ilə müqayisədə əmtəə dövriyyəsi 9,2%, pullu xidmətlərin həcmi isə 10,2% artıb. 2011-ci ilin I rübündə ölkə sakinləri ticarət şəbəkəsindən 2384,4 mln. manatlıq ərzaq məhsulları və 1381 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 3,3% və 24,8% artıb.

2011-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 339,6 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirləri isə 15,3% artaraq 721,5 manata çatıb.

Bu ilin fevral ayında xarici ticarət dövriyyəsi 4717,1 mln. ABŞ dolları, o cümlədən, ixrac 3389,6 mln. ABŞ dolları, idxal isə 1327,5 mln. ABŞ dolları olmaqla 2062,1 mln. ABŞ dolları həcmində müsbət ticarətsaldosu yaranıb.

2011-ci ilin yanvar-mart ayları üzrə orta illik inflyasiya 9,1% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə