Azərbaycan və Rusiya Avropa qaz bazarında rəqib deyil, tərəfdaşdır - NEWS.RU

Avropadakı son böyük layihə digər bazar iştirakçıları ilə əməkdaşlıq üçün açıqdır

Rusiyanın nüfuzlu informasiya agentliklərindən olan News.Ru Avropaya Rusiyadan və Azərbaycandan gedən qaz boru kəmərlərinin bir-birinə rəqib olmadığını izah edən analitik yazı dərc edib. Yazını olduğu kimi təqdim edirik.

Təxminən 4 il yarımdan sonra Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası başa çatdı və bu boru kəməri ilə qaz nəqli noyabrın ortalarına qədər başlayacaq. 878 km uzunluğunda bir boru kəməri ilə Azərbaycan qazı Türkiyə və Yunanıstandan və daha da Cənubi Avropaya axacaq.

TAP hazırda Yunanıstan-Türkiyə sərhədindən İtaliyadakı qəbul terminalına qədər qazla doldurulur və lazımi ticarət əməliyyatlarına başlamaq üçün hazırlıq işləri yekunlaşır.

TAP konsorsiumundan verilən açıqlamada, TAP boru kəməri ilə İtaliyanın Puglia şəhərindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi arasındakı qovşaq nöqtəsinin tamamlanması və qaz nəqlinə hazır olması gözlənilir.

TAP Avropa bölgəsinə yeni və alternativ qaz təchizatı marşrutu olacaqdır. Bu, Cənubi Qaz Dəhlizinin (CQD) dəyəri 40 milyard dollar olan son hissəsidir.

Əslində, CQD alternativ qaz təchizatı üçün Avropadakı son böyük qaz layihəsidir. Əsas tədarük mənbəyi Xəzər dənizindəki Şahdəniz yatağıdır. TAP Trans Anadolu Boru Kəmərinə (TANAP) qoşulur. Tutumunu 20 milyarda çatdırmaq imkanı ilə 10 milyard kubmetrə qədər qaz nəql etməsi planlaşdırılır. TAP investorları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagas (16) %) və Axpo (% 5).

Bundan əvvəl Bakı qaz kəmərinin çəkilişində ABŞ və Aİ-nin dəstəyini təmin etmişdi. Bu layihə enerji təchizatı şaxələndirilməsini asanlaşdırmaq və Rusiyadan asılılığı azaltmaq üçün Avropa və Amerika tərəfdaşları tərəfindən dəstəkləndi. Bununla yanaşı, Azərbaycan dəfələrlə üçüncü ölkələrlə tərəfdaşlıq üçün açıq olduğunu bildirmiş, bir çox mütəxəssis də daxil olmaqla Qazprom ilə ortaqlığın mümkün olduğunu istisna etməmişdir.

Bu arada Trans-Adriatik Qaz Boru Kəməri, Rusiyadan İtaliyaya qaz tədarükünü təhdid etmir, əksinə Avropanın artan təbii qaz ehtiyacından irəli gələrək bu təchizata əlavə töhfə verir. Rus müqavilələrinin çoxu 2030-cu illərin ortalarında bitir. 2019-cu ildə İtalyan qaz idxalçıları- Eni, Edison və Enel- Sonatrach (Əlcəzair) ilə yeni müqavilələr çərçivəsində qaz alışı ilə bağlı öhdəliklərini azaltmağa qərar verdilər. Bu baxımdan aşağı düşən idxal həcmi Azərbaycanın imkanları ilə kompensasiya ediləcəkdir. İtaliyanın kifayət qədər böyük ambisiyaları var- Avropada böyük bir qaz mərkəzinə çevrilmək- bu cəhətdən Roma yalnız Rusiya qazı ilə məhdudlaşmayacaq. Bu səbəbdən Azərbaycan qazı Qazpromun ixracına rəqib olmayacaq.

Azərbaycan həmişə beynəlxalq enerji bazarında etibarlı tərəfdaş hesab edilmişdir. Bu səbəbdən Qarabağdakı vəziyyətin kəskinləşdiyini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev respublikanın beynəlxalq neft və qaz boru kəmərlərinə hücum cəhdinə görə Ermənistanın “sərt cavab” alacağını bildirdi.

“Ermənistan Azərbaycan ərazisindəki ixrac boru kəmərlərinə ziyan vurmaq planlarını həyata keçirmək istəsə, cavab çox ağır olacaq. Bununla bağlı biz xəbərdarlıq etdik. 2021-ci ildə TANAP yolu ilə qaz almağa başlayacaq Avropa ölkələri də Ermənistanı xəbərdar etməlidirlər. TANAP təkcə bizim layihəmiz deyil, digər səhmdarlarımız da var. TAP-ın Avropa səhmdarları var. Və bu layihələr Avropanın enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir ”- Əliyev Türkiyənin “Haber Türk” telekanalına verdiyi müsahibədə bildirdi. Onun sözlərinə görə, Bakı boru kəmərlərini qorumaq üçün lazım olan hər şeyə malikdir.

Rusiyanın Neft və Qaz İstehsalçıları Birliyinin aparıcı mütəxəssisi Rüstəm Tankayev, News.Ru saytına layihənin daha uğurlu olması üçün onu mövcud qaz ötürmə sistemlərindən biri ilə necə birləşdirəcəyini düşünmək lazım olduğunu izah etdi. Bu, çox güman ki, ən perspektivli olan “Türk axını”nın Avropa ərazisindəki davamı ilə birləşməsidir.

Üstəlik, artıq həyata keçirilmiş olan “Türk Axını” haqqında danışmırıq. Oradakı bütün qaz bölünür və bu da kifayət deyil. Göründüyü kimi, “Türk Axını”nın 2-ci mərhələsi əvvəldən güman edildiyi kimi inşa ediləcək. Burada TAP istifadə edilə bilər.

Eyni zamanda, əməkdaşlıq məsələləri indi müzakirə oluna bilər- məsələn, qaz tədarükü üçün uzunmüddətli müqavilə şəklində. Bu tamamilə açıq bir sualdır.

Bu arada Milli Enerji Təhlükəsizliyi Fondunun analitik şöbəsinin müdiri Aleksandr Paseçnik “Şahdəniz” yatağının kifayət qədər böyük olduğuna inanır: “Bir neçə mərhələli layihədir, genişlənmə perspektivi ilə hazırlanmışdır. Azərbaycan bu sahəyə çox əhəmiyyət verir. TAP sistemi dərhal tam gücü ilə işləməyəcək, ancaq tədricən planlaşdırılan həcmə çatacaqdır. Çox şey Avropadakı tələbdən və LNG vəziyyətindən asılıdır ”.

A.Paseçnik strateji magistral olaraq TAP-ın diqqətə layiq olduğunu vurğulayıb: “Qaz ötürmə sistemi gələcək üçün nəzərdə tutulmuşdur. Avropa üçün yeni TAP boru kəməri enerji təhlükəsizliyini təmin edən bir şaxələndirmə modelinin bir hissəsidir: tədarükçülər nə qədər geniş olsa, bir o qədər yaxşıdır. Bu baxımdan yeni bir qaz kəmərinin meydana çıxması Avropa üçün müsbət bir məqamdır”.

Öz növbəsində Enerji və Maliyyə İnstitutunun Enerji məsələləri üzrə direktor müavini Aleksey Beloqoryev TAP və “Türk Axını” xətlərinin satış bazarlarının tamamilə fərqli olduğunu söyləyib: “TAP Yunanıstandan keçərək İtaliyaya gedir və Cənubi İtaliya bazarını hədəf alır. “Türk axını”nın 2-ci mərhələsi Bolqarıstan, Serbiya, Macarıstan və Avstriyadır. Çox az bir miqdar nəzəri olaraq İtaliyanın şimalına gedə bilər. Hər halda, bu 2 layihənin satış bazarları arasında birbaşa kəsişməsi yoxdur”.

Onun sözlərinə görə, əlbəttə, TAP-ın İtaliya bazarına gəlişi bu bazarda, o cümlədən Rusiya qazı üçün rəqabəti artıracaq. Digər tərəfdən, bu layihə o qədər uzun müddətdir ki, gəlişi artıq nəzərə alınıb və Qazprom üçün sürpriz olmayacaqdır.

Avropa üçün TAP, öz bazarına gələn qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsinin bir elementidir. İstənilən şaxələndirmə faydalıdır, qiymət rəqabətinin artmasına kömək edir və enerji təhlükəsizliyini artırır. Bundan əlavə, yeni bir qaz nəqli dəhlizi yaradıldığını və Balkan yarımadasında magistral qaz kəmərləri şəbəkəsinin kifayət qədər zəif inkişaf etdiyini nəzərə alsaq, regional bazar baxımından başqa bir borunun görünüşü çox faydalıdır.

Mixail İzmaylov
Mixail Kalmatskiy

Tərcümə etdi – Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə