Hacıqabulun daha 3 kəndinə təbii qaz verilib

Hacıqabulun daha 3 kəndinə təbii qaz verilib
\"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq ölkənin qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində aparılan işlər uğurla davam etdirilir.
SİA-nın məlumatına görə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin bu istiqamətdə gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış massivləri "mavi yanacaq"la təmin olunur, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər intensiv surətdə aradan qaldırılır. Hacıqabul rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir Bu günlərdə Hacıqabul rayonunun ucqar kəndlərindən olan Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və Hacıqabul rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər. Bildirilmişdir ki, Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinin birpilləli sistem əsasında qazlaşdırılması istiqamətində aparılmış tikinti işləri zamanı ümumi uzunluğu 151300 metr olan müxtəlif diametrli polietilen borularla qaz xətləri çəkilmiş, 400 ədəd sayğac və 46 ədəd siyirtmə quraşdırılıb.
Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri çıxış edərək bu kəndlərə ilk dəfə olaraq "mavi yanacaq" verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə