3D seysmik tədqiqat işlərinə həsr olunmuş təqdimat keçirilib

3D seysmik tədqiqat işlərinə həsr olunmuş təqdimat keçirilib
Mayın 13-də ARDNŞ-nin Baş Ofisində "Şəfəq-Asiman" perspektiv strukturunda aparılacaq 3D seysmik tədqiqat işlərinə həsr olunmuş təqdimat keçirilib. SİA-nın məlumatına görə tədbiri giriş sözü ilə açan ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Şəfəq-Asiman" perspektiv strukturu barədə ətraflı məlumat verib, bildirib ki, mayın 6-da Azərbaycan Respublikasının Milli Məclisi "BP" ilə ARDNŞ arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişi ratifikasiya edib. "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Blok dənizin dərinsulu hissəsində, suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir. Azərbaycan geofizikləri strukturda 2 D seysmik tədqiqat işlərini hələ 1961-ci ildə aparıb, burada karbohidrogen ehtiyatının mövcudluğu aşkar olunub. Cari ilin mayında isə "BP-Azərbaycan" şirkəti ilə "Kaspian Geofizikal" Müştərək Müəssisəsi arasında həmin blokda 3 D seysmik tədqiqat işlərinin aparılması barədə müqavilə imzalanıb. Hazırda seysmik işləri həyata keçirəcək "Gilavar" gəmisininn Azərbaycana gətirilməsi gözlənilir. Tədbirdə xüsusi olaraq vurğulanıb ki, "Gilavar" gəmisi vasitəsi ilə "Şəfəq-Asiman"dan sonra "Babək" və "Ümid" perspektiv strukturlarında da 3 D seysmik işlərinin aparılması nəzərdə tutulur. Bu seysmik işlərin aparılması nəticəsində Cənubi Xəzər hövzəsinin perspektivliyi öyrəniləcək, onun geoloji quruluşu barədə daha geniş məlumatın əldə olunmasına imkan yaranacaq. "BP-Azərbaycan" şirkətinin kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Reyli qeyd etmişdir ki, "BP" və ARDNŞ-nin birgə layihəsi olan bu seysmik işlər nəticəsində strukturun yuxarı qatlarının vəziyyəti dəqiqləşdiriləcək, struktur axtarış qazmasına hazırlanacaq. Seysmik işlərin 2011-ci ilin sonuna kimi başa çatdırılacağı gözlənilir. Hazırda müvafiq qurumlarla icazənin alınmasına dair danışıqlar aparılır. "Kaspian Geofizikal" Müştərək Müəssisəsinin baş direktoru Treysi Kembl şirkətinin bu layihədə iştirakından məmnunluğunu ifadə edib, "Gilavar" gəmisi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, "Gilavar" gəmisi 2005-ci ildən Xəzər hövzəindən kənarda "Shell", "BP", "Maersk", "Petrobras" kimi nəhəng enerji şirkətlərinin sifarişlərini uğurla yerinə yetirib. Hazırda gəmi zəruri lisenziyaları əldə etmək üçün Norveçdədir. Gəminin cari ilin iyununda Xəzər sularına gətiriləcəyi nəzərdə tutulub. Təqdimatdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə