ECOBANK-ın Müdirlər Şurasının İllik Toplantısı keçirilib

Ermənistanın Azərbaycana qarşı təxribatı beynəlxalq hüquq və normaların pozulması kimi qiymətləndirilib. SİA-nın xəbərinə görə, 30 sentyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECOBANK) Müdirlər Şurasının onlayn formatda keçirilmiş 19-cu İllik Toplantısında və tədbirdə fəxri qonaq qismində iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpurun təşəbbüsü ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib. İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Allahverdi Paşayev Ermənistanın ölkəmizə qarşı həyata keçiridiyi təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması, eləcə də bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı barədə tədbir iştirakçılarına məlumat verib.

ECOBANK-in Türkiyədən olan prezidenti Yalçın Yüksəl və Bankın Türkiyədən olan müvəqqəti alternativ müdiri Serhat Köksal şəhidlərin yaxınlarına başsağlığı diləyib və Ermənistanın təcavüzkar əməllərini beynəlxalq hüquq və normaların pozulması kimi qiymətləndiriblər.

Tədbir çərçivəsində ECOBANK-in 2019-cu il üzrə İllik Hesabatının, Xarici Audit Hesabatı və Maliyyə Bəyanatının, Audit Komitəsinin 2019-2020-ci il üzrə Hesabatının təqdimatı keçirilib.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən ECOBANK-ın üzvüdür və hazırda Bankla özəl sektor sahəsində əməkdaşlıq edilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə