Avropa Komissiyası kriptoaktivlərlə bağlı qanunvericilik təklif edib

Avropa Komissiyası ilk dəfə kriptoaktivlər - elektron formada saxlanıla və satıla bilən dəyərlərin və ya hüquqların rəqəmsal ifadəsi ilə bağlı Aİ qanunvericiliyini təklif edib. Bu barədə SİA “İnterfaks”a istinadən xəbər verir.

“Kriptoaktivlər üzrə şirkətlərin bu aktivlərin təklif etdiyi fürsətlərdən istifadə etməsinə imkan yaratmağa və eyni zamanda investorlar üçün riskləri azaltmağa və maliyyə sabitliyini qorumağa istiqamətlənmiş bir neçə təklifimiz var”, deyə Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskis mətbuat konfransında deyib.
Avropa Komissiyasının planlarına görə, “Kriptoaktivlər bazarının reqlamenti” (MiCA) maliyyə sabitliyini saxlamaqla və investorları riskdən qorumaqla innovasiyaları stimullaşdıracaq. Bu, kriptoaktivlərin emitentlərinə və tədarükçülərinə hüquqi aydınlıq və müəyyənlik verəcək. Yeni qaydalar Aİ üzvü olan bir dövlətdəki səlahiyyətli operatorların bütün ittifaq ərazisində xidmətlər göstərməsinə imkan verəcək.

Müdafiə tədbirlərinə kapital adekvatlığı tələbləri, aktivlər üçün maliyyə təminatı, investorlar üçün mövcud olan məcburi şikayət proseduru və investorun emitentə qarşı hüquqları daxildir. Böyük təminatlı kriptoaktivlərin (qlobal steyblkoinlər) emitentlərinə daha ciddi tələblər qoyulacaq. Avropa Komissiyası, həmçinin maliyyə alətləri ilə kriptoaktiv şəklində ticarət etmək və tranzaksiyalar həyata keçirməyə çalışan bazar infrastrukturları üçün pilot rejim təklif edir. Pilot rejimi mövcud qaydalardan müvəqqəti kənara çıxmağa imkan verən “sandbox” və ya idarə olunan mühit yanaşmasını nəzərdə tutur. Bu, şirkətlərə mövcud qaydaları təcrübədə sınaqdan keçirmək və onların necə işlədikləri barədə daha çox məlumat əldə etmək imkanı verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə