Borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər var "Azəriqaz"

2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır.

Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3 % təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1 % təşkil edir. Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6 % təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1 %-ə bərabərdir.

Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən "Azəriqaz" İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq "Azəriqaz" İstehsalat Birliyi də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında "Razılaşma protokolu" tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edən sahibkarlara Bakı şəhəri üzrə "Rəvan-Turan" MMC, "AS AQRO CO" MMC və s, Şəmkir bölgəsi üzrə sahibkarlar Ələkbərov Dilqəm, Əliyev Hafiz, Musayeva Nigar, Quliyeva Aida və başqaları, Salyan bölgəsi üzrə Dostəliyev Natiq, Əliyev Səxavəti göstərmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə