Bizi aparan yollar: hara gedir, hansı vəziyyətdədir, nəyi dəyişir?

Bizi aparan yollar: hara gedir, hansı vəziyyətdədir, nəyi dəyişir?

Nəqliyyat Nazirliyi, "Azəravtoyol", BNA və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir

Azərbaycan inkişaf etmiş yol infrastrukturuna malikdir. Belə ki, ölkəmizdə respublika əhəmiyyətli yolların uzunluğu 5 min, yerli əhəmyyətli yolların uzunluğu isə 15 min km-ə çatır, həm də bu yolların çox böyük hissəsi dünya standartlarına uyğun şəkildə yenidən qurulub. Son 15 il ərzində 15 min kilometrə yaxın yol təmir olunub və ya yeni salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. Təkcə Avropada 50-dən artıq ölkə olduğunu nəzərə alsaq, bu, çox yüksək nəticə sayılır.

Respublika əhəmiyyətli yolların vəziyyəti necə dəyişib?

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə verdiyi Sərəncamı bölgələrimizdə yol sistemini tamamilə dəyişib. İndi region əhalisi daha rahat, daha müasir, daha geniş yollarla istədiyi məntəqəyə tez və təhlükəsiz şəraitdə gedib gəlir. Əlbəttə, bu yolla təkcə sosial deyl, həm də böyük iqtisadi əhəmiyyətə malikdir.

2004-cü ildən bu yana ölkədə 11 min km yol təmir olunub və ya yeni tililib. Təkcə keçən il ümumi uzunluğu 1000 km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunub.

Artıq Xınalıq kimi ən ucqar dağ kəndlərinə müasir yollar çəkilib, rayonlararası, kəndlərarası yollar təmir olunub ki, bu da region əhalisinin rahatlığını təmin edib. Bu isə öz növbəsində turizmin də inkişafına və turistlərin rahat hərəkətinə zəmin yaradır. Əvvəllər gedilməsi mümkün olmayan ucqar ərazilərə indi turistlər və sakinlər çox rahat və tez gedib-gələ bilirlər.

Kiçik şəhərlərimizin küçələrinin də çox böyük hissəsi təmir olunub, abadlaşdırılıb. Abşeron yarımadasında yerləşən qəsəbədaxili yolların təmiri isə 2023-cü ildə başa çatacaq. Digər regionlardakı qəsəbələrin də küçələri təmir edilir, abadlaşdırılır.

Ən əsası isə, ölkəmizin əsas nəqliyyat arteriyaları olan- Bakı-Gürcüstan sərhəddi, Bakı-İran sərhəddi, Bakı-Rusiya sərhəddi magistrallarının yenidən qurulması həm İpək yolu üzrə, həm Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları xeyli intensivləşdirib. Deməli, bu yollar həm sosial, həm də iqtisadi cəhətdən böyük fayda verir və verəcəkdir.

Paytaxtımızın yolları ən yüksək standartlara cavab verir

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü ildə verdiyi Sərəncamı paytaxtımızın mənzərəsini tamam dəyişib. Bakıda indi şüşə kimi hamar yollar, küçələr, prospektlər göz oxşayır. Həm də, təkcə paytaxtda yox, şəhərətrafı yollarda da.

Bakı Dairəvi yolunun salınması, həmçinin Aeroport-Zığ yolunun yaradılması bu sahədə çox böyük əhəmiyyətə malikdir. İndi paytaxtın istənilən ərasizindən digər yerinə daha tez, daha rahat gedib-gəlmək mümkündür. Nəticədə, nəqliyyatın hərəkəti 2 dəfə sürətlənib, tıxaclar aradan qalxıb, sərnişinlərin və yüklərin daşınması rahatlaşıb.

2020-ci il ərzində dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu, həmçinin, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron yarımadası üzrə 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.

Sevindirici haldır ki, yenidənqurma işləri təkcə nəqliyyat yolları üçün deyil. Son illərdə Bakıda 100-dən artıq piyada keçidi tikilib, onlarla km uzunluqda səkilər yaradılıb ki, bu da, piyadaların rahat və təhlükəsiz hərəkətini təmin edib.

Bakıda bir çox prospekt və küçələrin genişləndirilməsi də vacibdir. Məsələn, Bayılda yeni hündürmərtəbəli binalar tikilsə də, orada bütün küçələr 2 zolaqlıdır ki, bu da tezliklə həmin ərazidə tıxacların kəskinləşəcəyini söyləməyə əsas verir. Digər bəzi yerlərdə də belə vəziyyətdir. Ona görə də, ekspertlər yeni binaların və yaşayış komplekslərinin sıx yerlərdə yox, şəhərin nisbətən boş və seyrək ərazilərində salınmasını məsləhət görürlər.

Yollarımızı, küçələrimizi kim, necə və niyə dağıdır?

Görülən bu qədər işlərə, xərclənən bu qədər vəsaitə baxmayaraq bəzi yollarda problemlər yaranır ki, burada da əsas günah şirkətlərə, müəssisələrin, həmçinin, Azərsu, Azəriqaz kimi bəzi dövlət orqanlarının üzərinə düşür.

Belə ki, yollar və küçələr tərmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin yadına düşür ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəsi bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar qarmoşka) qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir.

Özü də, təkcə magistral yollarda yox, şəhərdaxili yollarda da belədir. Məsələn, paytaxtın düz mərkəzinə daxil olan strateji əhəmiyyətli əsas yol - Yeni Salyan şossesi ilə axşamdan başlayaraq gecə səhərədək çoxsaylı ağırtonnajlı yük maşınları daxil olur ki, onlar da gecə sakinlər yatdığı vaxtda güclü səs-küy yaratmaqdan əlavə, həm də yolun dağılmasına səbəb olur. Nəticədə, dövlət milyonlarla manat zərərə düşür.

Bu ilin əvvəlində həmin yolun çökməsi və paytaxta girişin iflic olması da bu səbəbdən idi. Yolun sağı yamacdır və həmin zolaqla normadan artıq yüklənmiş yük maşınlarının fasiəsiz hərəkəti yolun həmin hissəsinin bu təzyiqə dözməməsinə gətirib çıxarır. Ona görə də, şəhərin mərkəzinə- Bibiheybət məscidindən Azneft istiqamətinə daxil olan yolda yük maşınlarının hərəkəti tam qadağan olunmalıdır.

Bundan başqa, bəzi yük maşınları yük hissəsini torpaq, qum və s tikinti materialları ilə maksimum yükləyir və yol boyu həmin material tökülə-tökülə gedir. Arxadan gələn figər maşınlar həmin torpağın üstündən keçəndən sonra onları qabarıq şəkildə bərkiyir, yolda dombalar əmələ gəlir və bərbad hala düşür.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, Nəqliyyat Nazirliyi, Azəravtoyol və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə