Rayonlara gediş-gəlişin bərpası daxili turizmə necə təsir edəcək? ARAŞDIRMA

Rayonlara gediş-gəlişin bərpası daxili turizmə necə təsir edəcək? ARAŞDIRMA

Nazirlər Kabinetinin qərarına əsasən sentyabr ayının 8-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır. Lakin, şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir. Bu halda daxili turizmin də fəaliyyətində müyyən qədər canlanma yaşana bilər, xüsusilə də, qış turizmində. SİA-nın araşdırmasına əsasən, 2019-cu il göstəricilərinə görə Azərbaycanda ümumi 642 mehmanxana və mehmanxana tipli müəssisələr fəaliyyət göstərib. Bu müəssisələrdə nömrələrin sayı 23 min 865, birdəfəlik tutum, yer isə 49 min 980 olub. 2019-cu ilin göstəricilərinə əsasən bu müəssisələrdə 12 min 481 işçi fəaliyyət göstərir. Müəssisələrin əldə etdiyi gəlir 2019-cu il üzrə 450 188,5 manat təşkil edib. Ümumi, 1 milyon 316 min 739 nəfər əcnəbi vətəndaş ölkəyə gəlib.

Ölkəyə gələn əcnəbilərin sayı üzrə ilk 10-luğu aşağıdakı ölkələr təşkil edir:

Rusiya - 136 min 897 nəfər

Türkiyə - 74 min 709 nəfər

İran - 65 min 693 nəfər

Böyük Britaniyada - 49 min 865 nəfər

ABŞ - 29 min 964 nəfər

Çin - 19 min 120 nəfər

Almaniya - 17 min 571 nəfər

Gürcüstan - 14 min 377 nəfər

Ukrayna - 14 min 197

Fransa - 9 min 669 nəfər

İndi isə daxili turizmdən bir qədər məlumat verək. İqtisadi rayonlar üzrə ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə sayı 2019-cu il üzrə 7 min 501, Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə sayı 2019-cu il üzrə 11 min 469-dur.

Satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə dəyəri 78 132,2 manat, ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə dəyəri min manatla 7 071,8 təşkil edir. Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə dəyəri min manatla 20 289,0 təşkil edir.

Səyahət agentlikləri və turoperatorların iqtisadi rayonlar üzrə əldə etdiyi ümumi gəlir isə 2019-cu il üzrə min manatla 63 363,8 təşkil edib.

Pandemiya ilə əlaqədar ölkələrarası və Azərbaycanın digər ölkələrlə gediş-gəliş yolları qapansa da daxili turizmin fəaliyyəti istisna təşkil etmədi.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yoluxucu xəstəliklərdən qorunmaq üçün otellərdə və turizm müəssisələrində bir sıra tövsiyyələrə diqqət yetirilməsinin vacib olduğunu vurğulayır. Bu tövsiyyələrə aşağıdakılar aiddir:

- Səthlər mexaniki təmizlənib durulandıqdan sonra dezinfeksiya edilməli;

- Qablar və süfrələr yuyucu maşınlarda yüksək tempraturda yuyulmalı;

- Qablaşdırma vasitələri asanlıqla təmizlənib, dezinfeksiya ediləbilmə qabiliyyətinə malik olmalı;

- Süfrələr (masa örtükləri) yuyucu vasitələrlə və qaynadılmaqla dezinfeksiya edilməli;

Məsələ ilə bağlı SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, turizm mövsümü bu il demək olar ki, itirilmiş bir mövsüm oldu, xarici turizmin bu il ərzində açılması və ya bərpa olunması mümkün görünmür, ona görə də, ilin sonuna qədər qalan bu az müddətdə rayonlara gediş-gəlişlərin bərpa olunması daxili turizmdə maliyyə vəziyyətinə müsbət təsir göstərə bilər:

"Təbii ki, bu müəssisələrdə təhlükəsizlik qaydalarına, infeksiyadan qorunma tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Müəyyən qaydalar artıq hazırlanıb turizm obyektlərinə göndərilib. Artıq, dezinfeksiya ilə bağlı, sosial məsafə ilə bağlı, işçilərin davranış qaydaları ilə bağlı və nömrələrin normal vəziyyətdə saxlanılması ilə bağlı qaydalar mövcuddur, sadəcə həmin qaydalara əməl etmək lazımdır.

Vətəndaşlar bu məsələdə şüurlu şəkildə davranmalıdırlar. Rayonlara turist kimi yollanan vətəndaşlar müəyyən qaydalara əməl etməklə öz istirahətlərini təşkil edə bilərlər. Doğrudur, bunun daxili turizmdə böyük bir canlanma yaradacağını düşünmürəm, çünki, artıq yay mövsümü bitir. Lakin, sentyabr ayının sonu, oktyabr ayının ortalarına qədər müəyyən aktivlik ola bilər. Bundan başqa əhalinin alıcılıq qabiliyyətində də müəyyən düşmə yaşanır. Bu alıcılıq qabiliyyətinin azalması da daxili turizmə mənfi təsir edən amillərdən birinə çevrilə bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə