"“Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılması zəruri idi"

"Ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığının artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, idarəçilik modelinin daha da təkmilləşdirilməsi və nəticədə dövlət büdcəsinin daha səmərəli istifadə olunmasını təmin etmək “Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılmasını zəruri etdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycan tarixində bir neçə mərhələli idarəetmə sistemi tətbiq olub:
"Belə ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə müstəqil Azərbaycanın konstitusiyaya əsaslanmış hüquqi-demokratik idarəetmə üsulunun yaranması ilə yanaşı, eyni zamanda sosializmdən yeni kapitalizm quruluşuna keçid dövrü ilə bağlı idarəetmə tarixi yaşanmışdr.
Azərbaycan son iyirmi ildə həm qərbin, həm də şərqin idarəetmə təcrübəsini istifadə etməklə, mükəmməl və dayanıqlı idarəetmə modelini ildən ilə təkmilləşdirərək tətbiq etməkdədir. Bu gün müstəqil Azərbaycan Respublikasının bütün sahələrdə, istər iqtisadi, sosial, istərsə də siyasi idarəetmədə əldə etdiyi bütün nailiyyətlər məhz beynəlxalq standartlara əsaslanmış düzgün idarəetmə nəticəsində mümkün olmuşdur.
2020-ci ildə COVID-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda ölkə iqtisadiyyatının qorunması post-pandemiya dövründə dayanıqlılığı təmin etmək məqsədilə daha düzgün və çevik idarəetmə günümüzün reallığına çevrilmişdir".

Millət vəkili vurğulayıb ki, bu baxımdan Azərbaycanda müxtəlif iqtisadi sahələrdə yeni çağırışları və trendləri nəzərə alan idarəetmə metodu tətbiq edilməkdədir: "Təsadüfi deyil ki, dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının, dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respubikası Prezidentinin Fərmanı əsasında “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılmışdır".

Pandemiyanın nə qədər davam edəcəyinin mücərrad olduğunu deyən Məzahir Əfəndiyevin qeyd edib ki, bu davam etdikcə ölkənin hansı sahələrinə ziyanın dəyəcəyi də qeyri-müəyyən olaraq qalmaqdadır:
"Lakin, çevik, operativ qərarların qəbul olunması, korporativ idarəçilikdə yeniliklərin tətbiq edilməsi və bəzən mərkəzləşdirilmiş siyasətə üstünlüyün verilməsi yarana biləcək daha böyük problemlərin qarşısının alınmasında öz faydasını verə bilər. Buna görə də, ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığının artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, idarəçilik modelinin daha da təkmilləşdirilməsi və nəticədə dövlət büdcəsinin daha səmərəli istifadə olunmasını təmin etmək “Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılmasını zəruri etdi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə