"Büdcə xərcləri azalmayacaq" - AÇIQLAMA

"2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi zəruri və eyni zamanda gözlənilən idi. Çünki pandemiya qlobal və milli iqtisadiyyatlara təsir göstərir və nəticə etibarilə Azərbaycana iqtisadiyyatına da pandemiyanın təsirləri hiss edilməkdədir. 2020-ci ilin birinci yarımilində dövlət büdcəsində probsit olsa da belə, amma ÜDM 2,7 faiz azalıb və ilkin proqnozlara görə, pandemiya davam edəcəyi təqdirdə Azərbaycan iqtisadiyyatı əvvəlki illə müqayisədə 5 faiz azalacaq. Azalma tempi inkişaf etmiş ölkələrlə müqayisədə məqbul hesab oluna bilər. Çünki inkişaf etmiş ölkələrdə bu faiz 2 rəqmlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, pandemiya bütün milli iqtisadiyyatlara təsir göstərir: "Büdcə gəlirləri 10 milyon manat azalsa da, dövlət büdcəsinə edilən dəyişikliklər nəticəsində büdcə xərcləri azalmayacaq. Əksinə dövlət büdcəsinin xərclərində 600 milyon manata yaxın artım proqnozlaşdırılırdı və bu təsdiq olundu. Belə ki, büdcə xərclərinin artması həm pandemiyanın təsirlərini minimumlaşdırmaqla bağlı yeni xərclərin ödənilməsi, o cümlədən sahibkarların və vətəndaşlarımızın daha yaxından dəstəklənməsi məqsədi daşıyır. Belə ki, bu həm pandemiyanın təsirlərinin minimumlaşdırılması, həm ölkənin müdafiə qabiliyyətinin artırılması ilə bağlıdır. Həmin istiqamətdə ayrılan vəsaitin həcmi 500 milyon manata yaxındır. Eyni zamanda dövlət müəssisələrinin dəstəklənməsi üçün 136,7 milyon manat, özəl sektor müəssisələrinin dəstəklənməsi üçün isə 100 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub".

V.Bayramov qeyd edib ki, bu dəyişikliklər fonunda 2020-ci ildə sosial istiqamətə ayrılan vəsaitlərin həcmində hər hansı azalma yoxdur: "Əksinə 2020-ci ildə bir sıra sosial proqramlara ayrılan vəsaitlərin həcmi artırılacaq. Belə ki, haqqı ödənilən ictimai iş yerlərinin sayı 40 mindən 90 minə çatdırılacaq. Bununla bağlı cənab Prezidentin göstərişi var. Digər tərəfdən ünvanlı sosial yardım, o cümlədən məşğulluq proqramlarına ayrılan vəsaitlərin həcmində də artımlar proqnozlaşdırılıb. Bu baxımdan büdcəyə edilən dəyişiklik heç bir halda sosial proqramların təxirinə gətirib çıxarmayacaq. Alternativ mənbələrdən və eləcə də Dövlət Neft Fondundan əlavə 500 milyon dollar vəsaitin ayrılması hesabına pandemiyanın təsirlərini minimumlaşdırmaq, iqtisadiyyatı, sahibkarları və vətəndaşlarımızı daha yaxından dəstəkləmək imkanları verir və büdcə xərclərindəki artımın da əsas məqsədi iqtisadiyyatın daha yaxından dəstəklənməsi və pandemiyanın ölkəyə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...