Ev tikmək üçün nə etmək lazımdır? ÖZƏL - AÇIQLAMA

"Əgər, 10 gün müddətində müvafiq icra hakimiyyəti tərəfindən cavab verilməyibsə, həmin şəxs, yəni mülkiyyətçi öz tikintisini apara bilər". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev əldə edilən boş torpaq ərazidə tikinti aparmaq üçün ilkin mərhələdə nə etmək lazım olduğundan danışarkən deyib.

Onun sözlərinə görə, torpaq sahəsi əldə etmiş şəxs həmin torpaqda tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir:

"Həmin tikintinin eskiz layihəsini də təqdim etməlidir. Tikintinin eksiz layihəsi lisenziyası olan müəssisələr tərəfindən aparılmalıdır ki, həmin eskiz layihə düzgün olsun. Məsələn, ev hasardan və ya elektrik naqillərindən nə qədər aralıda olmalıdır? Müəyyən qaydalara riayət etməklə hazırlanan eskiz layihə yerli icra hakimiyyəti orqanına məlumat kimi bildirilməlidir. Onlar isə 10 gün müddətində eskiz layihəni təqdim edən şəxsə cavab, yəni, razılıq bildirməlidirlər. Əgər, 10 gün müddətində cavab verilməyibsə, həmin şəxs, yəni mülkiyyətçi öz tikintisini apara bilər".

Mayis Əliyev bildirib ki, tikinti ərazisinə görə şərtlər də dəyişə bilər:

"Təbii ki, binanın hündürlüyündən tikintinin hasardan nə qədər aralı olma məsafəsi dəyişir. Layihə yüksək mərtəbəli tikintini əks etdirdikdə (12 metrdən yüksək olanda) başqa qaydalar tətbiq edilir".

Hüquqşünas qeyd edib ki, mütləq ərazinin mülkiyyət hüququnu təsdiq edən çıxarış olmalıdır, əsas sənəd budur.

Qeyd edək ki, bu məsələyə dair əhatəli şəkildə müddəalar Şəhərsalma və Tikinti Məcəlləsində əks olunub. Məcəlləyə əsasən artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.

Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:

ərizə

şəxsiyyət vəsiqəsinin surəti;

torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);

torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli)icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir.Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır.Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər.

Çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər.Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Ümumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur. Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...