Hazırda çalışmayan işçilərin əməkhaqqı necə tənzimlənəcək? ÖZƏL - AÇIQLAMA

"Əgər, yeni müqavilələr bağlanacaqsa, bu şəxslər müəyyən qədər iqtisadi paketlərdən faydalana biləcək. Həmçinin, məzuniyyət əmri geri verildikdə bu paketlərdən faydalanmaq imkanı var. Sadəcə bu paketin həcmi hələ məlum deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli dövlət tərəfindən sahibkarlara ayrılacaq iqtisadi dəstək paketlərinin həcmi, fəaliyyətini dayandırmış iş yerlərində işçilərin ixtisarı və onların müddətsiz məzuniyyətə göndərilməsi məsələlərindən danışarkən deyib.

"Aprel-may aylarında 307 min işçinin əməkhaqlarının bir hissəsinin ödənilməsi və vergi güzəştləri ilə bağlı qəbul edilmiş ilkin paketdə müddəalar, həmin dövrdə biznesmenlərlə hökumət arasında işçilərin işdən çıxarılmaması ilə bağlı ümumi razılıq var idi. Təklif olunurdu ki, işçilərin maaşının bir hissəsi hökümət tərəfindən ödənildiyi halda sahibkarlar da işçiləri işdən azad etməsinlər. İyun ayında bu proqram bitdi. Buna görə də hazırda işəgötürənlər və böyük əksəriyyəti vergi öhdəliklərindən azad olmaq üçün işçiləri öz hesablarına, müddətsiz məzuniyyətə göndəriblər. Çünki, bu sahələr hazırda qapalıdır, gəlirləri və dövriyyələri yoxdur. Onlar işçiləri tamamilə işdən çıxartmırlar, çünki, dövlət nəzarət orqanları buna aqressiv yanaşır, doğru bilmir və onlara iradlarını bildirir. Çalışmayan sahədə işçi saxlamaq isə mümkün deyil. Ona görə də şirkətlərin böyük əksəriyyəti demək olar ki, tamamına yaxını işçiləri ödənişsiz və müddətsiz məzuniyyətə göndəriblər ki, sosial müavinatlarla bağlı ödənişləri, Sosial Fonda olan ödənişləri və vergi öhdəliklərini müəyyən müddətə ertələnsin. Belə bir gedişat mümkündür. Lakin problem orasındadır ki, onlar rəsmi işçi sayılmırlar. Məzuniyyətə çıxmış kimi görünürlər və həmin işçilərin işsiz siyahısında adı olmadığından onlar işsiz kimi müraciət edib sosial yardım almaq hüququndan da məhrum olublar".

Bəzi şirkətlərin ixtisara getməsi məsələsinə də münasibət bildirən ekspert vurğulayıb ki, əgər, şirkətdə 10 işçi varsa onların hamısını birdən-birə ödənişsiz məzuniyyətə göndərmək mümkün deyil: "İşçilərin bir qisminin iş müqavilələrinə xitam verilib. Bu barədə işçiyə məlumat verilməlidir. Əgər işçiyə demədən işinə xitam verilibsə, bu artıq qanun pozuntusu hesab edilir. İşçiyə bu barədə öncədən məlumat verilməlidir, ərizələr qəbul olunmalıdır və ya qarşılıqlı razılaşma əsasında işdən azad olma ilə bağlı qərar verilməlidir".

Hökumət tərəfindən növbəti dövrdə sahibkarlara ayrılacaq iqtisadi paketlər vasitəsilə həyata keçiriləcək ödənişlərdən işinə xitam verilmiş və ya ödənişsiz, öz hesabına müddətsiz məzuniyyətə göndərilmiş şəxslər yaralana biləcək? - sualına isə Natiq Cəfərli belə cavab verib: "Əgər, yeni müqavilələr bağlanacaqsa bu şəxslər müəyyən qədər iqtisadi paketlərdən faydalana biləcək. Həmçinin, məzuniyyət əmri geri verildikdə bu paketlərdən faydalanmaq imkanı var. Sadəcə bu paketin həcmi hələ məlum deyil. Artıq, büdcə dəyişiklikləri olacaq və bu sabah Parlamentdə müzakirəyə çıxarılacaq. İlkin zamanda orta və kiçik sahibklarlara dəstək üçün 100 milyon manat nəzərdə tutulub. Bunun istiqamətləri ilə bağlı hələ ki, məlumat yoxdur. Sabah müzakirələr zamanı ola bilsin ki, bunun həcmi artırılsın, müxtəlif təkliflər irəli sürülsün. Hələ ki, ilkin versiyaya görə, bu paketin həcmi problemlərin dərinliyinə adekvat deyil. Çünki, kiçik və orta sahibkarlıqda qapadılan sahələrdə icarə problemi, bank kreditləri problemi, işçilərin əməkhaqqısı və vergi problemləri var".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə