Sənayе 4.0. və Aqrar Sənaye Kompleksi – yeni perspektivlər hansı uğurları vəd edir? MƏQALƏ

Sənayе 4.0. və Aqrar Sənaye Kompleksi – yeni perspektivlər hansı uğurları vəd edir? MƏQALƏ

Baş verən dəyişikliklər fonunda və dünya inkişafının əsas trendləri nəzərə alınmaqla, yeni üsulların, metodların və texnologiyaların axtarışı və aqrosənaye kompleksinə tətbiqi ən ümdə vəzifələrdəndir

Sənayedə Dördüncü inqilab reallığı artıq dünyanın qlobal inkişaf və tərəqqi faktoruna, eləcə də maraq amilinə çevrilib. Hətta belə demək mümkündürsə, ən müasir texnoloji imkanların ərsəyə gətirilməsi bəşəriyyətə yeni sənaye məkanları təqdim etmək gücündə olduğunu təsbit edir. Bu və bu kimi digər imkanları əks etdirən bir sıra layihələrin gerçəkləşdirilməsi də məhz bu xüsusdandır. Sürətli və dinamik texnoloji gerçəkliklər bir-birini əvəzlədikcə, bir daha sübut olunur ki, 21-ci əsr həqiqətən də elm və texnologiya əsri olaraq insan övladının qarşısında ucu-bucağı görünməyən perspektivlər açır.

SİA Tarix üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Şura üzvü Emin Əliyevin sözügedən sahə üzrə məqaləsini təqdim edir:

-Sənayeləşmənin inkişaf səviyyəsi və yeni texnologiyaların hər yerdə tətbiqi, şübhəsiz, dünyanın yeni rəqəmsal dövrə keçidinə doğru aparır. Bu dövr həyatımızın bütün sahələrinə yayılan yüksək texnologiyaların çox sürətli inkişafı ilə səciyyələnir. Bulud texnologiyalarının, Əşyalar internetinin, (Internet of Things), virtual və əlavə edilmiş reallıq, 3D-çapın geniş istifadəsi, kvant texnologiyasının, robotexnikanın və digər texnologiyaların inkişafı nəticədə həm də “4.0 sənayesi” termini ilə tanınan Dördüncü sənaye inqilabının hərəkətverici qüvvəsinə çevrildi.

Əgər əsrlərin sərhədində bütün dünya üzrə fermer təsərrüfatlarından heç biri sensor texnologiyalarını tətbiq etmirdisə, 2025-ci ilə onların 500 milyon vericidən çox, 2050-ci ilə isə 2 milyard smart-aqrovericidən çox istifadə artımı gözlənilir. Bununla bərabər, gözlənilir ki, 2020–2025-ci illər ərzində ASK-də (aqrar-sənaye kompleksi) - (agriculture IoT, AIoT) Əşyalar interneti bazarının məcmu illik orta artım tempi 16–17% təşkil edəcək. PwC-inin («Pricewaterhouse Coopers») proqnozuna görə, personal məsrəflərinin optimallaşdırılması, məhsul və yanacaq-sürtkü materiallarının itkisinin ixtisarı hesabına Əşyalar internetinin aqrosənaye kompleksinə tətbiqinin minimal iqitsadi effekti 2025-ci ilə 10 milyarda yaxın ABŞ dolları təşkil edə bilər.

Əgər IoT-texnologiyaların tətbiqinin uzunmüddətli effektindən danışsaq, onda o ilk növbədə material və resurslara bir xeyli qənaət və nəticə etibarilə kənd təsərrüfatı müəsissələrinin xərclərinin optimallaşdırılması ilə bağlı olacaq. Üstəlik, yeni texnologiyalar məhsuldarlığın artmasına və nəticədə mədaxilin çoxalmasına səbəb olacaq. Bütün bunlar perspektivdə müəssisələrin marjinallığına və rəqabət qabiliyyətliliyinə birbaşa təsir göstərəcəkdir.

Dünya qida sənayesinin inkişaf proqnozlarına görə, 2050-ci ilə Yer əhalisinin sayının artması (təqribən 2,3 milyard insan (33%-ə yaxın) və onun rifahının yüksəlməsi ilə əlaqədar qanunauyğun olaraq istehlakın, özü də kənd təsərrüfatı məhsulatının xeyrinə artması da baş verəcəkdir. Beləliklə, baş verən dəyişikliklər fonunda və dünya inkişafının əsas trendləri nəzərə alınmaqla, yeni üsulların, metodların və texnologiyaların axtarışı və aqrosənaye kompleksinə tətbiqi ən ümdə vəzifələrdəndir.

Günümüzdə Azərbaycanda dövlət səviyyəsində və biznes səviyyəsində həmin bu məsələ fəal müzakirə olunur. Bazarın aparıcı seqmentləri “ağıllı” kənd təsərrüfastı, sürətləndirilmiş seleksiya, yeni xammal mənbələri, əlyetən üzvi maddələr, şəxsyönümlü qidalanma olacaqdır. Yuxarıda sadalanmış bazar seqmentlərinin inkişafının əsasını Əşyalar interneti texnologiyalarının istifadəsi təşkil edir.

Dördüncü sənaye inqilabı texnologiyalarının müxtəlif sənaye sahələrinə tətbiqinin nə töhfə verə biləcəyi haqqında düzgün təsəvvürün formalaşdırılması üçün Boston Consulting Group konsaltinq şirkəti tərəfindən Avropa, ABŞ və Asiyanın aparıcı dünya şirkətlərinin bu konsepsiya çərçivəsində fəaliyyətinin təhlili aparılmışdır. Nəticələrdən məlum olub ki, Dördüncü sənaye inqilabı dörd göstəriciyə əlverişli təsir edir:

Məhsuldarlıq. Yaxın 10–15 ildə Dördüncü sənaye inqilabı texnologiyaları tək elə Almaniyada şirkətlərin məhsuldarlığını 90-150 milyard avro artırıb xeyli sayda şirkətlər tərəfindən mənimsəniləcək. Xammal və materialların qiyməti istisna olunmaqla, istehsalın əməliyyat xərcləri təxminən 15–25% aşağı düşəcək. Məmulatların tam maya dəyəri (materiallar nəzərə alınmaqla) 5–8% aşağı düşəcək. Ancaq bu göstəricilər şirkətin hansı sahə ilə məşğul olmasından asılı olaraq dəyişə bilər.

Mədaxil artımı. Dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi həmçinin gəlirin artmasına da səbəb olacaq. Müəssisələrin müasir avadanlıq və ən yeni informasiya əlavələri ilə təchiz olunması zərurəti, eləcə də istehlakçıların daha geniş yeni mallar spektrinə tələbatının artması gələcəkdə sənaye cəhətdən inkişaf etmiş ölkələrin ÜDM-inə ildə 1% əlavə edəcək.

Əhali məşğulluğu. Aparılmış təhlilin nəticələrinə görə, əhalinin məşğulluq dərəcəsi artıq ilk 10 ildə 6% artacaq. Mexaniki və mühəndis həllərinin işlənib hazırlanması sektoruna gəlincə isə, burada personal üçün tələbat 10%-ə çata bilər. Lakin yeni peşəkar vərdişləri olan mütəxəssislər tələb olunacaq. Qısamüddətli perspektivdə daha çox avtomatlaşdırma tendensiyası əsasən qeyri-mürəkkəb təkrarlanan vəzifələri yerinə yetirən aşağı ixtisaslı kadrları sıxışdırıb çıxaracaq. Eyni zamanda proqram təchizatının, müxtəlif rabitə və analitika vasitələrinin geniş tətbiqi proqramlaşdırma və IT-texnologiyalar sahəsində biliyi olan personala tələbatı artıracaq. Əməkdaşların ixtisaslaşma tələblərində dəyişikliklərə uyğunlaşmaq müəssisələrin inkişafının aparıcı vəzifələrinədən biri hesab olunur.

İnvestisiyalar. Ehtimal olunur ki, istehsal proseslərinin adaptasiyası on il ərzində şirkətdən gəlirinin 1–1,5%-i həcmində investisiyalar tələb edəcəkdir.

Beləliklə, belə deyilən rəqəmsal istehsal Dördüncü sənaye inqilabı çərçivəsində aparıcı aspektə çevrilir. Bu anlayış altında sənaye obyektinin konkret qovşaqlarında və aqreqatlarında quraşdırılmış verici və kontrollerlərin, toplanan məlumatların ötürülməsi və onların vizuallaşdırılması vasitələri, əldə olunan informasiyanın izah olunmasının qüvvətli analitik alətlərinin və bir çox başqa komponentlərin daxil olduğu çoxsəviyyəli sistem nəzərdə tutulur.

Gəlin, ətraflı baxaq, görək Əşyalar internetinə nə daxildir, bu texnologiyanın aqrosənaye kompleksinin müxətlif sahələrinə tətbiqi nəticəsində hansı dəyişikliklər gözlənilir.

Əşyalar internetinin konsepsiyası ondan ibarətdir ki, materiallar özlərini elə öz nişanları (məsələn, ştrix-kod formasında) ilə identifikasiya etməyə qabildirlər, yəni istənilən detalda onun harada istehsal olunduğu, nə üçün nəzərdə tutulduğu və s. haqqında informasiya ehtiva olunur. “Əşyalar interneti” anlayışı 2009-cu ildə, internetə qoşulmuş cihazlarınn sayının Yer əhalisinin sayını ötüb keçdiyi zaman meydan çıxmışdı.

Əşyalar interneti bazarının müzakirəsi zamanı çox vaxt bu texnoloji olayın telemetriya yaxud da sənaye obyektlərinin vəziyyətinin müşahidəsi kimi maşınlararası qarşılıqlı fəaliyyəti (machine-to-machine, M2M) dəstəkləyən həllərlə eyniləşdirilməsi baş verir. Bu həllər qabarıq ifadə olunmuş sənaye mənsubiyyətinə malikdir və özlüyündə çox vaxt quraşdırılmış proqram təchizatı ilə xüsusi avadanlıqda reallaşdırılan qapalı sistemlərdən ibarətdir.

Müxtəlif konsaltinq şirkətlərinin tədqiqatlarının nəticələrinə görə, Əşyalar internetinin aqrosənaye kompleksinə tətbiqi istehsalın səmərəliliyinin artmasına, əhalinin həyat keyfiyyətinin yaxşılaşmasına, ekoloji problemlərin həllinə, bununla da sahənin sabit inkişafını təmin olunmasına səbəb olacaqdır. Bilindiyi kimi, bu gün Azərbaycanda kənd Təsərrüfatının əsas baxışları da məhz səmərəliliyin artırılması və innovativ yanaşmadır.

Kənd təsərrüfsatı sektoru ənənəvi olaraq çox böyük sayda risklərin təsirinə məruz qalmışdır. Proqnoz məlumatlarının qeyri-dəqiqliyindən və yanlış suvarmadan tutmuş məhsulun yanlış əkilmə və yığım metodlarının tətbiqinə və torpağın aşağı keyfiyyətinədək bir çox faktor mövcuddur. Bütün bunlar, şübhəsiz, ümumi məhsuldarlığa mənfi təsir gösrtərir.

Əşyalar internetinin kənd təsərrüfatında istifadəsi bu cür riskləri və qeyri-müəyyənliyi xeyli dərəcədə aşağı salmağa imkan verir. Müasir aqrovericilərin köməyi ilə istifadəçilər onların quraşdırıldığı sahələrdən real zaman rejimində yüksək dəqiqlikdə məlumatlar ala bilirlər. Əldə edilmiş məlumatlar əsasında mütəxəssislər həlledici qərarlar qəbul edə bilər ki, məsələn, suvarma nə vaxt aparılsın, məhsul nə vaxt yığılsın və s. Bütün zəruri informasiyaya bu cür şəkildə təşkil olunmuş çıxış çoxsaylı riskləri minimuma endirir və kənd təsərrüfatı istehsalçılarına təkcə istehsal prosesində deyil, eləcə də planlaşdırmada daha dəqiq qərarlar qəbul etməyə imkan verir.

Peyk və kompüter texnologiyaları kompleksinə əsaslanan səpinlərin məhsuldarlığının bu cür idarə olunması sistemi dəqiq əkinçilik («precision agriculture» (PA), «satellite farming» или «site specific crop management» (SSCM)) konsepsiyası adını almışdır.

Əgər 2014-cü ildə orta kənd təsərrüfatı fermasının ixtiyarında 200 000-dən az məlumat nöqtəsi var idisə, proqnozlara görə 2050-ci ildə bu rəqəm 4 milyard məlumat nöqtəsinə çatacaq. Beləliklə, ilbəil “əlaqələndirilmiş fermalar” maksimal şəkildə sürətlə böyüyəcək. Bu fonda məlumatlara və onların işlənməsinə maksimal orientasiya zəruri parametrlərin daha dəqiq izlənilməsinə və onlara nəzarətə (torpağın, bitkilərin, xüsusiyyətləri və keyfiyyəti, xəstəliklərə, ziyanvericilərə yoluxma dərəcəsi, kənd təsərrüfatı texnikasının vəziyyəti və s.) səbəb olacaq. Bu halda söhbət bu gün məşhurlaşmaqda olan böyük məlumatlar texnologiyasından («Big Data») gedir.

Aqrosənaye kompleksində torpaq və hava şəraitinin izlənməsindən ötrü tətbiq olunan (məsələn, peyklərlə əlaqədə işləyə bilən vericilər), eləcə də sahələrin ətraflı 3D xəritələrini yarada bilən pilotsuz uçuş aparatlarının (PUA, kənd təsərrüfatı dronlarının) istifadəsi də daha böyük rol oynamağa başlayır. 3D modelləşdirmə yerlərdə mövcud olan qeyri-səmərəli fəaliyyətin tez aşkarlanması və dərhal düzəliş tədbirlərinin görülməsi üçün xüsusilə faydalıdır. Kənd təsərrüfatı bitkilərinin həyat siklinin daimi monitorinqi və nəzarətin yerinə yetirilməsi əllə müşahidənin çətin olduğu nisbətən iri fermalarda son dərəcə vacibdir.

Fermer təsərrüfatlarının məhsuldarlığına mənfi təsir götərən daha vacib faktor su resurslarının idarə olunmasının düzgün qurulmamasıdır. Bu problem bizim ölkə üçün də son dərəcə aktualdır. Tədqiqatlara görə su təsərrüfatı üçün ayrılan suyun 60%-i həddindən artıq doydurma, çirklənmə və bununla bağlı digər problemlər üzündən boşa gedir. Natamam yaxud həddən artıq suvarılma nəticəsində kənd təsərrüfatı bitkilərinin zədələnməsi halları az deyildir. Bu problemlər suvarma qrafiklərinin optimallaşdırılması və bu prosesin idarə olunması məqsədilə çənlərin doldurulması üzrə əməliyyatlardan informasiya toplanmasını həyata keçirən vericilərdən yetərincə səmərəli həll olunur. Alınmış məlumatlar həmçinin torpağın nəmliyi və tərkibində turşuluq haqqında məlumatlarla birgə dəyərləndirilir. Bütün bunlar cəm şəkildə məhdud su resurslarının daha effektiv istifadə olunmasına səbəb olur. Müxtəlif məlumatlara görə təsvir olunmuş texnologiyaların istifadəsi ildə 120-dən 200 milyarda qədər litr suya qənaət etməyə imkan verir.

Bir çox müasir fermer təsərrüfatları artıq özüyeriyən traktor və maşınlarla təchiz olunmuşdur. Yer və torpaq haqqında məlumatların toplanmasından əlavə, bu yüksək dəqiqlikli traktorlar pestisidlərin avtomatik cərgəarası alaq edilməsində və tozlandırılmasında kömək edə bilər. Faktik olaraq avtonom kənd təsərrüfatı traktorlarındakı vericilər mayeli qidalandırılcı maddələrdə komponentləri təhlil edə və nəticə etibarilə tozlandırmanın lazımi miqdarda aparılmasına nəzarət edə bilər. Avtomatlarşdırılmış traktorlar əvvəlki kimi nisbətən yenidir və yaxın gələcəkdə daha qüvvətli ola bilər.

Şübhəsiz, Əşyalar interneti texnologiyalarının tətbiqi tək bitkiçilikdə istifadə olunmaqla məhdudlaşmır. Artıq yuxarıda nəzərdən keçirilmiş suyun, ərzağın və ehtiyatların keyfiyyətinə real zaman rejimində nəzarət sistemi fermerlərə dəqiq və etibarlı məlumat almağa və daha effektiv və operativ qərarlar qəbul etməyə imkan verir. Məsələn, Əşyalar internetinin istifadəsi heyvanların xəsətəliklərini vaxtında aşkarlamağa və onlara vaxtlı-vaxtında yardım göstərməyə imkan verir.

Müxtəlif ziyanvericilər səbəbindən məhsul itkisinin ixtisarı üçün fermerlər kənd təsərrüfatı sahələrini skan edən və yoxlayan və ziyanvericilər

tərəfindən yoluxdurulmuş problemli sahələri aşkara çıxarmazdan əvvəl bitkilərin boy atması modelini müəyyən edən xüsusi vericilərdən istifadə edə bilərlər.

Beləliklə, aparılmış tədqiqat belə bir nəticəyə gəlməyə imkan verir ki, aqrosənaye kompleksnin rəqəmsallaşdırılması öz arxasınca daha keyfiyyətli məhsulatın buraxılmasına səbəb olacaq. Bundan başqa, “4.0. sənayesi”, iştirakçıları İnternet vasitəsilə informasiya mübadiləsi edən daha çevik sistemlərin yaradılmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əməyin effektivliyini xeyli artıracaq və istehsalat proseslərində xərcləri azaldacaq.

Rəqəmsallaşdırma – iqtisadiyyatın bütün sahələrində: marketinqdə də, pərakəndə satışda da, xidmətdə də baş verən tamamilə məntiqi bir prosesdir. Müasir informasiya sistemləri və neyron şəbəkələri daha çox faktoru təhlil edə və istənilən biznes-prosesin effektivliyini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Əlbəttə, bu kənd təsərrüfatına da aiddir.

Rəqabət bazarında istənilən kənd təsərrüfatı istehsalçısının qarşısında iki başlıca vəzifə durur: məhsulun keyfiyyətini dəyişməz olaraq yüksək səviyyədə saxlayaraq buraxılan məhsulun maya dəyərini maksimal dərəcədə aşağı salmaq və əldə edilən xalis mədaxili artırmaq. Onları həll etmək üçün bütün mərhələlərdə istehsal prosesi tam idarəolunan və şəffaf olmalıdır. Məsələn, hər bir məhsul vahidinə maya dəyərinin yaradılması zəncirini dəqiq, mərhələ-mərhələ izləmək lazımdır. Bunun üçün kənd təsərrüfatı müəssisəsində yüksək texnoloji avadanlığın, analitik və idarəçilik İT-sistemlərinin non-stop rejimdə məlumat mübadiləsi apardığı vahid informasiya məkanı yaradılır.

Tədqiqatın göstərdiyi kimi, Əşyalar internetinin istifadəsi fermer təsərrüfatlarının idarə olunmasını kökündən dəyişməyə qadirdir. Müxtəlif növ vericilərin və sensorların tətbiqi, böyük məlumatlar texnologiyalarının tətbiqi, eləcə də pilotsuz uçuş aparatlarının və özügedən traktorların və maşınların istifadəsi artıq günü bu gün ənənəvi fermer təsərrüfatlarını yeni nəsil fermalara, Smart-fermalara çevirməyə qadirdir.

Qeyd: Müəllif məqalədə istinad olaraq aşağıdakı ədəbiyyatdan və informasiyalardan istifadə edib.

1.Klaus Martin Şvab “4-cü sənaye İnqilabı” 2020 (azərbaycan dilində)

2.”Rusiyada Əşyalar interneti (IoT): gələcəyin artıq indi əlyetən olan texnologiyası”. – URL: https://www.pwc.ru/ru/publications/iot/IoT-inRussia-research_rus.pdf (rus dilində)

3.Klaus Martin Şvab, Nikolas Devis “Shaping the future of the Forth Industrial Revolution” 2018 (ingilis dilində)

4. 2050-ci ilədək dünya ərzaq bazarının inkişaf ssenarisi. Международный независимый институт аграрной политики. – URL: http://мниап.рф/en/analytics/Scenarii-razvitia-mirovogo-prodovolstvennogo-rynka-do-2050-goda/ (rus dilində)

5. Semyonovskaya E. Sənaye əşyalar interneti. Rusiya bazarının perspektivləri / (rus dilində)

6. Markeyeva A.V. Əşyalar interneti (iot): müasir təşkilatlar üçün imkanlar və hədələr/А. В. Маркеева//Общество: социология, психология, педагогика. – 2016. – № 2. – s. 42–46. (rus dilində)

7. Kənd təsərrüfatında əşyalar interneti (Agriculture IoT / AIoT): dünya təcrübəsi, tətbiqi keysləri və RF-də tətbiqinin iqtisadi səmərəsi – URL:https://www.crn.ru/news/detail.php?ID=119899 (rus dilində)

Bütün xəbərlər Facebook səhifəmizdə