Azərbaycanda kreditlərin 33%-i ev təsərrüfatlarına verilib

Azərbaycanda kreditlərin 33%-i ev təsərrüfatlarına verilib

2011-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8 milyard 366 milyon manat təşkil edib.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kreditlərin 33%-i və ya 2 milyard 760,8 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 183,7 milyon manat (26,1%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 448,4 milyon manatı (5,4%), sənaye və istehsalın payına isə 483,3 milyon manatı (5,8%) düşüb.

Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 301,2 milyon manatı və ya 3,6%-i, kənd təsərrüfatı və emalına 432,9 milyon manatı və ya 5,2%-i, inşaat və əmlak sahəsinə 652,6 milyon manat (7,8%), digər sahələrə isə 42,6 milyon manatı və ya 0,5%-i yönəldilib.

2011-ci il aprelin 1-nə kreditlərin 2 milyard 637,1 milyon manatı (31,5%) qısamüddətli, 5 milyard 728,9 milyon manatı (68,5%) isə uzunmüddətli kreditlər olub.

Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 020,6 milyon manat (36,1%), özəl banklar tərəfindən 5 milyard 136,6 milyon manat (61,4%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 208,9 milyon manat (2,5%) kredit qoyulub.

Kreditlərin 5 milyard 017,9 milyon manatı və ya 60%-i manatla, 3 milyard 348,1 milyon manatı və ya 40%-i xarici valyuta ilə verilmişdir. Kredit qoyuluşlarının 539,9 milyon manatı (6,5%) vaxtı keçmiş kreditlərin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə