"Azərbaycanın pandemiya dövündə iqtisadi fəaliyyəti uğurlu olub" ÖZƏL - AÇIQLAMA

"Azərbaycanın pandemiya dövündə iqtisadi fəaliyyəti uğurlu olub" ÖZƏL - AÇIQLAMA

"Təkcə ölkənin statistikasında yox, eyni zamanda, beynəlxalq qurumların göstəricilərində də biz açıq-aydın görürük ki, Azərbaycanın pandemiya dövündə də iqtisadi fəaliyyəti uğurla həyata keçirildi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası dövründə bütün ölkələrin iqtisadiyyatında geriləmə müşahidə olundu və bəzi inkişaf etmiş ölkələrin statistikasına nəzər salanda görürük ki, mənfi amillər özünü biruzə verdi: "Çox az sayda ölkə var ki, bu baxımdan iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün həyata keçirdikləri tədbirlər nəticəsində qlobal iqtisadi göstəricilərdə mənfi amillər olsa da, burada tamamilə fərqli bir mənzərə yaranmışdır. Belə ki, iqtisadi göstəricilərində müsbət hallaq qeyd olunan ölkələrdən biri də Azərbaycandır. Prezident İlham Əliyevin tapşırığı əsasında koronavirus pandemiyası tüğyan etməyə başlayan zaman ölkəmizdə zəngin sosial paketin təqdim edilməsi ilə yanaşı, eyni zamanda, iqtisadiyyatın dayanıqlı və davamlı olması üçün də müxtəlif tədbirlər həyata keçirildi. Bunun nəticəsidir ki, ölkəmizdə iqtisadiyyatın fəaliyyəti pandemiya dövründə də uğurlu olub. Xüsusilə də, koronavirus pandemiyası dövründə dünya enerji və səhm bazarlarında kəskin dalğalanmaların nəticəsi olaraq neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun ölkədə müsbət saldo ilə göstəriciləri olmuşdur. Yəni, ölkə iqtisadiyyatının vaxtında düzgün istiqamətlənməsi, düzgün qurulması ona gətirib çıxardı ki, məhz, elə koronavirus pandemiyası dövründə neft ölkələrində iqtisadiyyatın daha çox zərər görməsini müşahidə etsək də Azərbaycanda bu müşahidə olunmadı".

Millət vəkili bildirib ki, xüsusilə də, ilin əvvəlində pandemiya elan olunmamışdan əvvəl ölkə iqtisadiyyatı çox yüksək rəqəmlərlə müşahidə olunurdu: "Sonrakı pandemiya dövründə də baxmayaraq ki, sərt karantin rejimi tətbiq olundu, bir-neçə müəssisələrin fəaliyyəti müəyyən müddətdə dayandırıldı, ölkə iqtisadiyyatının göstəriciləri tamamilə fərqli müşahidə olundu. Təkcə ölkənin statistikasında yox, eyni zamanda, beynəlxalq qurumların göstəricilərində də biz açıq-aydın görürük ki, Azərbaycanın pandemiya dövündə də iqtisadi fəaliyyəti uğurla həyata keçirildi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə