"Əsas məsələ insanların sağlamlığının təmin olunmasıdır" ÖZƏL -AÇIQLAMA

"Əsas məsələ insanların sağlamlığının təmin olunmasıdır" ÖZƏL -AÇIQLAMA

"İqtisadi göstəricilərdə müəyyən geriləmələr mövcuddur və bu istiqamətdə müəyyən işlər aparılır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məzahir Əfəndiyev həftə sonları tətbiq ediləcək tam qapanmaların iqtisadi göstəricilərə təsirindən danışarkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən 3 modul tipli xəstəxananın açılışında əhaliyə bir daha müraciət edərək aydın şəkildə bildirdi ki, insanların sağlamlığının qorunması üçün bütün tədbirlərə əl atılacaq: "Vəziyyətlə bağlı olaraq bu ay, artıq, iqtisadi göstəricilərdə müəyyən geriləmələr mövcuddur və bu istiqamətdə müəyyən işlər aparılır. Lakin, digər tərəfdən də, bir daha qeyd etmək istəyirəm ki, ölkəmizdə əhalinin sağlamlığının və virusdan qorunmasının təmin olunması üçün bütün tədbirlər həyata keçiriləcəkdir".

Onun sözlərinə görə, ölkəmizdə koronavirusla bağlı çoxtərəfli məsələlər nəzərdən keçirilir və eyni zamanda elmi nəzəriyyələr də həkimlər və alimlər tərəfindən öyrənilir: "Ardıcıl olaraq bütün təklif olunan tövsiyyələr və tədbirlər mütəxəssislər tərəfindən müzakirə olunur. Xalqımız üçün ən optimal, mümkün ola biləcək və onların narazılığına səbəb olmayacaq mümkün məqamlar qərarlaşdırılır ki, tətbiq olunsun. Əsas məsələ, bilavasitə insanların sağlamlığının təmin olunmasıdır. Ümumən, Azərbaycan xalqı bu həmrəyliyə çox böyük hörmətlə, həvəslə və anlayışla yanaşır, lakin, təəssüflər olsun ki, xalqın içində əməlləri ilə risk dərəcəsini artıran insanlar var. Onlar əlavə və daha sərt tədbirlərin qəbul olunmasına rəvac verirlər. Bir daha xalqımıza müraciət edirəm ki, səbrli olsunlar. Vəziyyət sırf Prezident İlham Əliyevin rəhbərliyi və eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti altındadır. Ona görə də, qəbul olunmuş qərarlara riayət etməklə, xalqımız biraz daha səbirlilik və dözümlülük nümayiş etdirməlidir ki, biz bu virusu minimum səviyyəyə endirə, bununla da bütün azərbaycanlılarımızı normal həyata qaytara bilək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə