Bu sahəyə sərmayə qoyun, uduzmayacaqsınız! EKSPERT RƏYİ - AÇIQLAMA

Bu sahəyə sərmayə qoyun, uduzmayacaqsınız! EKSPERT RƏYİ - AÇIQLAMA

"Elm və innovasiyalara qoyulan sərmayə son 20 ildə bir daha sübut etdi ki, bəzən qoyulan hər bir dollar 100 qatı geri qayıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli ölkəmizdə sərmayə qoyuluşunun az olduğu sahələrdən danışarkən deyib.

Belə ki, Azərbaycanda sərmayə qoyuluşu az olan, lakin, bu sahəyə sərmayə qoymaqla yaxşı gəlir əldə edilə biləcək sahələrdən danışan Natiq Cəfərli bildirib ki, dünya praktikasında sərmayənin daha gəlirli geri dönüşü elmə qoyulan sərmayədir, yəni, elm və innovasiyalara qoyulan sərmayədə bəzən qoyulan hər bir dollar 100 qatı geri qayıdır: "Azərbaycanda ən zəif inkişaf edən və ən az sərmayə qoyulan sahə, məhz, elmə olan yatırımlardır. Elm və innovasiyalara qoyulan yatırımlar həm istehsalı optimallaşdırmağa, həm də istehsal sahələrinin genişləndirilməsinə və iqtisadiyyatın çoxşaxəli modelə keçidinin təmin olunmasında mühüm rol oynayır. Bizdə büdcə vasitəsilə elmə qoyulan vəsait azdır. Ümumdaxili məhsula nisbətdə qonşu ölkələrdən, xüsusilə də, Rusiyadan geridə qalırıq. Digər tərəfdən biznesmenlərimiz bu sahəyə demək olar ki, sərmayə qoymurlar. Bütün dünya ölkələrində görürük ki, böyük şirkətlər, biznes çevrələri, əsasən, elmi axtarışlara, elmi yeni innovativ təkliflərə yatırım edirlər. Sonradan onu istehsalda tətbiq edəndə qoyduqları hər bir dolların 100 qat əvəzini, hətta, bəzən 1000 qat əvəzini götürə bilirlər. Məsələn, İspaniyada "start-up" həyata keçirilmişdi. Texnoloji Universitetin tələbələri uzunmüddət elektrik saxlaya bilən batareyaların hazırlanması üzrə araşdırmalar aparırdılar. Bununla bağlı elan vermişdilər. İnternetdə verilən elanda onlara araşdırmanı sona çatdırmaq üçün vəsait lazım olduğu bildirilmişdi. Böyük şirkətlərdən biri bu araşdırmalara yatırım etdi və bu yatırımın ümumi həcmi təqribən 1 milyon dollar da olmadı. Həmin şirkət layihənin patentini də almışdı və araşdırmalar nəticəsində əldə olunan nailiyyətlər o qədər uğurlu oldu ki, həmin patent 1 milyard dollara satıldı. 1 milyon dollar qarşılığında 1 milyard dollar əldə etdilər".

Ekspertin fikrincə, elmə, innovasiyaya və innovativ təkliflərə qoyulan ciddi vəsait iqtisadiyyatın və ölkənin inkişafı üçün kifayət qədər mühüm rol oynayır: "Azərbaycanda ən zəif inkişaf edən sahə budur. Dövlət tərəfindən elmə ayrılan vəsaitlərin böyük bir qismi elm sahələrində çalışanların maaşına sərf olunur. Araşdırmalara isə az vəsait qalır. Biznesin isə bu sahəyə sərmayə qoymağa ümumiyyətlə marağı yoxdur. Biznes fəaliyyəti ilə məşğul olan şəxslər innovativ məsələlərə, elmi araşdırmalara ümumiyyətlə vəsait xərcləmir. Bu da ölkənin inkişafını ləngidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə