Mətin Eker: “Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2 milyard dollar olub” - MÜNASİBƏT

Mətin Eker: “Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2 milyard dollar olub” - MÜNASİBƏT

Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2 milyard dollar olub. Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının Dövlət Planlama Təşkilatının Müstəşarlığının Xarici İqtisadi Əlaqələr Baş idarəsinin müdiri Mətin Eker deyib. O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatına Türkiyə şirkətləri tərəfindən 6 milyard, Türkiyə iqtisadiyyatına isə Azərbaycan tərəfindən 3 milyard dollara yaxın sərmayə yatırılıb: "Lakin bizim siyasi əlaqələrimizin səviyyəsi və iqtisadi imkanlarımız ticarət əlaqələrimizin daha yüksək səviyyələrə çatdırılmasını tələb edir və bunun üçün səylərimizi gücləndirməliyik".

 

Bu il iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə olunacaqmı, sualını Mətin Eker: "Bununla bağlı açıqlama verməkdə bir az çətinlik çəkirəm. Çünki mən artıq ötən ilin rəqəmlərini dedim. Lakin bildiyiniz kimi Azərbaycanın qeyri neft sektoruna qoyulmuş sərmayələrin həcminə görə Türkiyə birinci yerdədir. Eyni zamanda iki tərəfli əməkdaşlıq üçün də böyük potensial mövcuddur. Ümidvaram ki, rəqəmlər ötən ilə nisbətdə bu il artar", - deyə cavablandırıb.

 

Qeyd edək ki, bu gün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf" Türkiyə-Azərbaycan Əməkdaşlıq Konfransı keçirilir. İki gün davam edəcək konfransda makroiqtisadi hədəf və siyasətlərə dair ortamüddətli və illik proqramlar, investisiya proqramlarının idarə edilməsi və monitorinqi, yoxsulluqla mübarizə, sosial-iqtisadi siyasətin əsas prioritetləri və s. mövzularda məruzələr dinləniləcək, mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə