ABŞ dollarının kəskin ucuzlaşacağı pronozlaşdırılmır - ŞƏRH ÖZƏL

“Pandemiya və eyni zamanda ABŞ-da baş verən son ixtişaşlar Amerika iqtisadiyyatına mənfi təsir göstərir. Nəzərə alsaq ki, pandemiyadan ən çox zərər çəkən dövlət artıq ABŞ-dır. Amma təbii ki, ABŞ yenə də dünyanın iqtisadi baxımından aparıcı ölkəsidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, eyni zamanda valyuta baxımından da ABŞ dollarına alternativ valyutalar hələlik yoxdur: “İndiki halda alternativ ola biləcək valyuta avrodur. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, avrozonada da pandemiya səbəbindən vəziyyət heç də ürəkaçan deyil. Bu da nəticə etibarilə avronun da məzənnəsinə birbaşa təsir göstərir”.

V.Bayramov bildirib ki, ABŞ-da son vaxtlar baş verənlər fonunda ABŞ dollarının səbət valyutalara nisbətən məzənnəsində müəyyən dəyişikliklər ola bilər: “Əslində FED-də dolların ucuzlaşmasında maraqlı görünür. Amma dolların kəskin ucuzlaşması hələlik gündəmdə deyil. Xüsusən də İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən ucuzlaşacağı gözlənilmir. Güman olunur ki, səbət valyutalara malik olan digər ölkələrdə də iqtisadi vəziyyətin ürəkaçan olmadığını nəzərə alsaq hələlik dolların digər valyutalara nisbətdə kəskin ucuzlaşacağı gözlənilmir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə