Əmanətlərin stimullaşdırılması banklar üçün nə vəd edir? EKSPERT RƏYİ-ÖZƏL

“Əmanətlərin Sığortalanması Fondunun (ADIF), Maliyyə Sabitliyi Şurasının tövsiyəsi əsasında, eyni zamanda, Mərkəzi Bank ilə razılaşdırılmaqla 2020-ci il iyunun 1-dən etibarən manatla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin 10 faizdən 12 faizə qaldırılması təqdirəlayiq addımdır. İstənilən halda, əmanətlərin stimullaşdırılması tədbirləri banklar üçün əhəmiyyətli bir hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bankların əsas vəzifəsi sərbəst pul vəsaitlərini cəlb edib, lazım olan istiqamətlər üzrə dövriyyəyə buraxmaq və hər iki fəaliyyət nəticəsində arada əldə olunan gəlirdən mənfəət götürməkdir: “Sərbəst vəsaitlərin isə banklara cəlb olunması üçün müvafiq stumullaşdırıcı amillərin olması mühüm şərtdir”.

Onun sözlərinə görə, sərbəst vəsaitlər banklara elə bir mexanizm çərçivəsində yerləşdirilməlidir ki, həmin vəsaitlərə sahib tərəflər bundan qazanc əldə etsin: “Bazar iqtisadiyyatı şəraitində hər bir bank çalışır ki, sərbəst vəsaitləri daha üstün təkliflərlə cəlb etsin və bu yolla da kreditləşdirməni həyata keçirmək üçün lazımi səviyyədə maliyyə resurslarına sahib olsun. Bu, olduqca mühüm məsələdir. Çünki bazar iqtisadiyyatı şəraitində rəqabət ən mühüm amillərdən biridir. Hansı ölkənin bank sektorunda rəqabət amilləri yoxdursa, banklar arasında daha çox gəlir əldə etmək, daha çox maliyyə resurslarına sahib olmaq və əlverişli şərtlərlə depozit cəlbinə nail olmaq siyasəti yürüdülmürsə, deməli o ölkədəki bank sektoru sağlam vəziyyətdə deyil. Bunlar iqtisadiyyatın inkişafı üçün ən vacib elementlərdən biridir. Bank sektoru sağlam olmayan ölkədə isə normal iqtisadi inkişafdan söhbət gedə bilməz.

Ekspert söyləyib ki, əmanətlərin sığortalanması faizinin manat üzrə 2 faiz qaldırılması sərbəst maliyyə resurslarının bundan sonra da banklara cəlbi baxımından bütün banklar üçün əhəmiyyətlidir: “Lakin bank əmanətlərinə marağın artırılması təkcə dövlətin vəzifəsi deyil. Dövlət və hökumət tərəfindən əmanətlərin sığortalanması faizinin artırılması ilə hökumət tərəfindən bir növ banklara əhalinin inamının çoxalması üçün addım atılmış oldu. Dövlət bununla, artıq 10 faizlə deyil, 12 faizlə yerləşdirilən əmanətlərə cavabdehlik daşıdığını nümayiş etdirdi. Ancaq banklara əmanət cəlb edilməsinin daha əlverişli xarakter kəsb etməsi üçün bankların özünün də addımlar atması lazımdır. Banklar özləri də çalışmalıdır ki, əhalinin, eyni zamanda sahibkarlıq sturkturlarının öz vəsaitlərini yerləşdirməkdə maraqları olsun. Bunun üçün müxtəlif stimullaşdırıcı vasitələrdən istifadə edilməlidir və banklararasında bu sahədə rəqabət müşahidə olunmalıdır”.

Manat üzrə əmanət faizlərinin sığortalanan hissəsinin 2 faiz qaldırılmasının ümumi kreditləşmə səviyyəsinə təsirlərinə gəlincə P. Heydərov qeyd edib ki, bu, əhalinin banklara manatla depozit qoyuluşunun artmasına təsir edə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə