Mərkəzi Bank və “Junior Achievement” təşkilatı birgə treninqlərə başlayır

Mərkəzi Bank və “Junior Achievement” təşkilatı birgə treninqlərə başlayır

Azərbaycan Respublikasının Mərkəzi Bankı və "Junior Achievement Azərbaycan" (JAA) təşkilatı ölkə məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində "Banklar fəaliyyətdə" adlı layihəyə başlayıb. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihənin tərkib hissəsi olan treninqlər 2011-ci ilin 25-29 aprel tarixlərində Mərkəzi Bankda keçiriləcəkdir.               


Mərkəzi Bankın Kommunikasiya departamenti, Tədqiqatlar və İnkişaf Mərkəzinin və JAA-nın təşkilatçılığı ilə keçirilən bu treninqlər ali məktəb tələbələri üçün nəzərdə tutulur. Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət və Qafqaz Universitetlərinin iqtisadiyyat fakultələrinin 40-a yaxın tələbəsi iştirak edəcəkdir.


JAA tərəfindən 2003-cü ildən etibarən uğurlu şəkildə həyata keçirilən bu proqramın əsas məqsədi iqtisadi və sahibkarlıq biliklərini gənclərə nəzəri və tətbiqi yollarla tədris edərək gələcəyin biznes liderlərini və hazırlıqlı kadrlarını yetişdirməkdir. Treninq proqramı çərçivəsində nəzərdə tutulan modullar iştirakçıların maliyyə savadının artmasına və  gələcək karyera seçiminə imkan yaradacaqdır.


Tələbələr bank sisteminin quruluşu, onun müxtəlif iştirakçıları,  Mərkəzi Bankın vəzifə və funksiyaları, onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumat əldə edəcəklər. Tələbələr həmçinin bankların üzləşdiyi risklər, risk idarəetməsi mexanizmləri, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə tanış olacaqlar.


Treninq proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə