"Azərbaycan büdcəsi mövcud xarici faktorlara uyğunlaşdırılıb" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan büdcəsi mövcud xarici faktorlara uyğunlaşdırılıb" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan neft ölkəsi olduğuna görə, dünya bazarında neftin qiymətinin yüksəlməsi ölkəmiz üçün vacibdir. Bu Azərbaycanın dövlət gəlirlərinə də təsir göstərir. Neftin dünya bazarındakı qiymətinin hər bareli üçün 30 ABŞ dolları ətrafında stabilləşməsi müşahidə olunur. Lakin, Azərbaycanın mövcud maliyyə vasitələri və imkanları aşağı neft qiymətlərinə də hazırdır". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov neftin dünya bazarındakı qiymətinin Azərbaycanın büdcə gəlirlərinə təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, pandemiyadan sonra dünya iqtisadiyyatında yenidən canlanma baş verərsə, bu, neftə olan təlabatın və neftin dünya bazarındakı qiymətinin artması ilə nəticələnə bilər: "Bu baxımdan növbəti dövrdə qlobal iqtisadiyyatda fəaliyyətin mərhələli şəkildə yenidən bərpa edilməsi neftə olan tələbi də artıra bilər. Təbii ki, bu müəyyən bir zaman alacaq. Beynəlxalq proqnozlar da ondan ibarətdir ki, orta və hətta, uzunmüddətli dövrdə neftin əvvəlki qiymətlərinə qayıtması mümkündür. Amma tendensiyanın müsbət istiqamətdə dəyişməsi müşahidə olunur. Bu da təbii ki, neft ölkələri üçün vacib məqamlardan biridir. Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiymətinin 55 dollardan nəzərdə tutulub. Təbii ki, Azərbaycan büdcəsi mövcud xarici faktorlara uyğunlaşdırılıb. Bununla yanaşı ölkə Prezidenti İlham Əliyev 2020-ci ildə nəzərdə tutulan sosial proqramların heç birinin təxirə salınmayacağını bildirib. Bu o deməkdir ki, neftin dünya bazarındakı qiyməti büdcədə nəzərdə tutulandan aşağı olsa belə, bu, bütövlükdə sosial ayrılmalara təsir göstərməyəcək".

Millət vəkili vurğulayıb ki, sosial ayırmalar proqnozlaşdırıldığı məbləğdə həyata keçiriləcək, lakin, indiki pandemiyanı və neftə olan tələbatın azalmasını nəzərə alsaq Azərbaycan üçün neftin dünya bazarındakı qiymətinin 50 ABŞ dolları ətrafında formalaşması məqbul hesab olunur: "Hələlik neftin qiymətinin bu səviyyəyə çatması gözlənilmir. Lakin, post-pandemiya dövründə dünyada iqtisadi aktivliyin bərpa olunduğu dövrdə yenidən neftin qiymətinin 50 ABŞ dollarına qədər yüksəlməsi mümkündür. Təbii ki, bu zaman alacaq. Azərbaycanın mövcud maliyyə vasitələri və imkanları aşağı neft qiymətlərinə də hazırdır. Həm pandemiyaya, həm də neftin dünya bazarındakı qiynətinin aşağı olmasına baxmayaraq ölkə rəhbərinin göstərişi ilə 3,5 milyard manatlıq yardım paketinin reallaşması ondan xəbər verir ki, xarici şokların aktiv olduğu bir dövrdə Azərbaycan öz maliyyə və fiskal öhdəliklərini, o cümlədən, sosial öhdəliklərini yerinə yetirir. Mövcud maliyyə rezervlərimiz və potensialımız imkan verir ki, məhz, qlobal həssas məqamlarda belə Azərbaycan, xüsusilə də, sosial təminatla bağlı bütün öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirə bilir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə