Neftin qiymətinin qalxmasının əsas səbəbləri EKSPERT RƏYİ - AÇIQLAMA
"Hazırda dünya bazarında neft qiymətlərində mühüm artış yoxdur. İki gün öncə neftin dünya bazarındakı qiyməti 32 ABŞ dollarına qədər qalxmışdı. Hazırda isə neftin bir barelinin qiyməti 29,51 ABŞ dollarını təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban dünya bazarında neft qiymətlərinin dəyişim tendensiyası ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dünən birja aşağı rəqəmlə, yəni, dünya bazarında "Brent" markalı neftin bir barelinin qiyməti 28,80 ABŞ dolları ilə bağlanıb: "Hazırda dünya bazarında neftin bir barelinin qiyməti 29,51 ABŞ dollarını təşkil edir. İki gün bundan əvvəl neftin dünya bazarındakı qiyməti 31,95 ABŞ dollarına qədər artmışdı. Dünən isə günün ikinci yarısında neft qiyməti kəskin ucuzlaşdı. Yəni, dünənə nisbətdə 1,9 faizlik artım var idi. Ümumiyyətlə, neft bazara və qiymətlərə təsir edən bir sıra amillər var. Bu amillərdən biri dünən axşam verilən açıqlama ilə bağlıdır. Belə ki, ABŞ Enerji Administrasiyasının Amerika Birləşmiş Ştatlarda neft və neft məhsullarının vəziyyətinə dair hesabat verildi. Həmin hesabata görə, neft ehtiyyatları artıb. Bu artım da bazara təsir göstərdi və qiymətlər aşağı düşdü".
Ekspert vurğulayıb ki, digər tərəfdən neftin qiymətinin birdən-birə 32 ABŞ dollarına qədər qalxmasını isə bazarı təhlil edən ekspertlər spekulyativ məqsədlərlə alınan neftin bazarda satılma meyilləri ilə əlaqələndiriblər: "Yəni, aprel ayı ərzində neftin qiymətinin kəskin ucuzlaşdığı bir dövrdə alınan və tankerlərdə saxlanılan neft möhtəkirlər tərəfindən bazara çıxarılacaq. Təbii ki, onlar müəyyən məsələlərin marağındadırlar. Həmin tankerlərdə saxlanılan neft qısa bir müddətdə 30-35 dollar civarında olduğu halda bazara çıxara bilərlər. Bu zaman əllərindəki nefti gəlirlilik dərəcəsi yükək olmaq şərti ilə sata bilərlər".
İlham Şaban qeyd edib ki, neftin dünya bazarındakı qiymətlərinə spekulyativ amillər öz təsirini göstərir və qiymətlərin dəyişməsi məhz, bu amillərdən asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB