Azərbaycanın əlaqələri bu istiqamətdə genişlənəcək ÖZƏL - AÇIQLAMA

Azərbaycanın əlaqələri bu istiqamətdə genişlənəcək ÖZƏL - AÇIQLAMA

"Avropa İttifaqının regionda əsas əməkdaşı Azərbaycandır. Avropa İttifaqının Azərbaycanla bağlı gələcək planları da kifayət qədər genişdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə post-pandemiya dövründə Azərbaycanın həm siyasi, həm də iqtisadi əlaqələrini hansı istiqamətlərdə və hansı ölkələrlə genişləndirəcəyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, post-pandemiya dövründə Azərbaycan əsasən indi sıx tərəfdaşlıq qurduğu ölkələrlə əlaqələrini daha da genişləndirəcək, çünki proseslər onu göstərir ki, dünyanın bir çox ölkələrinin böyük bir qisminin karantin tədbirlərini davam etdirdiyi bir şəraitdə Azərbaycan türkdilli dövlətlərlə, eyni zamanda qonşu dövlətlərlə, Gürcüstan, Rusiya və İranın dövlət rəhbərləri ilə əlaqələr qurub, xüsusilə də telefon danışıqları olub, videokonfranslar təşkil olunub:

"Bu onu göstərir ki, bu çətin dövrdə tərəflər, ölkələr daha yaxın olan ölkələrlə əlaqə qurmağa üstünlük verirlər. Çünki, bu əlaqələr bu və ya digər şəkildə ölkələrin maraqlarını təmin edir. Eyni zamanda hazırda bütün ölkələr post-pandemiya dövründə düşünürlər ki, xüsusilə iqtisadi əlaqələrin inkişafını təmin etsinlər. Eyni zamanda iqtisadiyyatın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılır. Belə bir vəziyyətdə əsas ticarət və iqtisadi partnyor olan ölkələrlə əlaqələrə üstünlük verilir".

Politoloq vurğulayıb ki, son hadisələr Avropa İttifaqının da Azərbaycana maraq göstərdiyini, xüsusilə də Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərinin Azərbaycanın dövlət başçısı ilə danışıqları onu göstərir ki, Avropanın böyük maliyyə təhsisatı hazırda pandemiya dövrü üçün öz prioritetlərini müəyyən edərək yenə də Azərbaycanla əməkdaşlığa üstünlük verir:

"Son 10 illikdə bu təsisat Azərbaycana müxtəlif layihələrlə bağlı 3 milyard avro civarında pul ayırıb. Bu da daha çox investisiya layihələrinə və sahibkarlara dəstək inkişaf proqramlarına yönəlib. Düşünürəm ki, növbəti dönəmdə post-pandemiya dövründə bu əlaqələr daha da genişlənəcək. Yeri gəlmişkən Avropa İttifaqının regionda əsas əməkdaşı Azərbaycandır. Avropa İttifaqının Azərbaycanla bağlı gələcək planları da kifayət qədər genişdir. Baxmayaraq ki, arada ciddi karantin tədbirləri tətbiq olunurdu. Xüsusilə də sərhədlər bağlanmışdı, tranzit müəyyən dərəcədə məhdudiyyətlə həyata keçirilirdi, yenə də uzunmüddətli maraqlar öz sözünü deyib.

Bu arada Avstriyanın təşəbbüsü ilə Çindən Avstriyaya Azərbaycan üzərindən böyük bir həcmdə mallar ötürülüb. Bu da onu göstərir ki, bu nəqliyyat dəhlizi Çin-Mərkəzi Asiya-Azərbaycan-Avropa nəqliyyat dəhlizi pandemiya dövründə belə fəaliyyət göstərirsə gələcəkdə də regionda prioritet layihələrdən biri olacaq. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə, həmçinin Çin və Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsinə şərait yaradacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə