Xarici investisiyaların cəlb edilməsi prioritet məsələlərdəndir - ŞƏRH ÖZƏL

Xarici investisiyaların cəlb edilməsi prioritet məsələlərdəndir - ŞƏRH ÖZƏL

“Bütövlükdə post-pandemiyadan sonra xarici investisiyaların cəlb edilməsi prioritet məsələlərdən biridir və nəzərə alsaq ki, xüsusən də qeyri-neft sektoruna daha çox xarici investisiyanın cəlb edilməsi ilə əlaqədar ölkə prezientinin tapşırığı var. Xarici investisiya bir tərəfdən qeyri-neft sektorunda sərmayəyə olan tələbin ödənilməsinə yardım edib. Digər tərəfdən Avropa Yenidənqurma və İnkişaf bankı kimi aparıcı maliyyə qurumlarının xətti ilə cəlb edilən xarici investisiya həm də innovasiya və texnologiyanın qeyri-neft sektoruna cəlb edilməsi baxımından çox vacibdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, bu imkan verir ki, biz daha çox innovativ və texnoloji yenilikləri qeyri-neft sektoruna cəlb edə bilək: “Post-pandemiya dövründə qeyri-neft sektorunda rəqabət qabiliyyətli, eyni zamanda emaledici məhsul istehsalının artırılması hədəflənir. Xammala əsaslanan qeyri-neft ixracatından innovativ və emaledici məhsul istehsalına söykənən ixracatın formalaşdırılması hədəfdir. 2015-ci ildən sonra aparılan islahatlar məhz mərhələli şəkildə Azərbaycanın qeyri-neft ixracatında emaledici məhsulların payının artırılmasına imkan verir. Emaledici məhsulların payının artırılması da birbaşa yeni investisiyaların cəlb edilməsindən asılıdır”.

V.Bayramov qeyd edib ki, pandemiyadan sonrakı dövrdə hər bir ölkə çalışacaq ki, daha çox xarici investisiya cəlb etsin: “Bu da özlüyündən iqtisadiyyatın inkişafına xarici sərmayələr vasitəsilə dəstəyin gücləndirilməsinə səbəb olsun. Bu baxımdan Avopa Yenidənqurma və İnkişaf bankı tərəfindən belə bir vəsaitin ölkə iqtisadiyyatına yönəldilməsi qeyri-neft sektorunun inkişafına stimul verən faktorlardan biridir. Bütövlükdə qeyri-neft sektorunun inkişafı məhz bu cür investisiyaların cəlb edilməsindən asılıdır. Çünki aparılan islahatlar qeyri-neft sektorunda sahibkarlar üçün yeni imkanlar yaradıb. Bu imkanlar fonunda həm yerli, həm xarici investisiyaya ehtiyac var. Fərqli mənbələrdən sərmayələrin cəlb edilməsi praktik olaraq əvvəlki illərdə Azərbaycanda formalaşmış infrastrukturu istifadə etməklə məhz dəyər zəncirinə uyğun olaraq yerli məhsul istehsalının genişləndirilməsinə gətirib çıxaracaq. Bu cür investisiyların cəlb edilməsi qeyri-neft sektorunun inkişafı baxımından pozitiv hesab olunur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə