Kreditlərin gecikdirilməsi ilə bağlı güzəştlər necə tətbiq edilə bilər? ÖZƏL - AÇIQLAMA

Kreditlərin gecikdirilməsi ilə bağlı güzəştlər necə tətbiq edilə bilər? ÖZƏL - AÇIQLAMA

"İstehlak kreditləri ilə bağlı məsələ bundan ibarətdir ki, bank özü bu məsələdə güzəştlər tətbiq edə bilər". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev Mərkəzi Bankın biznes və istehlak təyinatlı kreditlərin tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması ilə bağlı kredit təşkilatlarına tövsiyyəsini şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, istehlak kreditləri gecikdirildiyi halda, təbii ki, bu kreditin əsas məbləği və onun üzərinə hesablanmış faiz məbləği var ki, bu zaman gecikdirməyə görə əlavə faiz və cərimələr, o cümlədən dəbbə pulu da hesablana bilir:

"Məsələ, bundan ibarətdir ki, hər bir şəxs krediti götürdüyü vaxt müddətində, hansı ki, bu məbləği hər ay ödəməlidir, müəyyən bir gecikmə olduğu halda da təbii ki, bununla bağlı banka məlumat verməlidir. Məsələ ondadır ki, sırf istehlak kreditləri ilə bağlı bir güzəşt nəzərdə tutulmayıb. Nəzərdə tutulanlar isə əsasən ipoteka kreditləri ilə bağlıdır".

Onun sözlərinə görə, istehlak kreditləri ilə bağlı banklar özləri güzəşt edə bilər:

"Ona görə də, istehlak kreditləri ilə bağlı məsələ bundan ibarətdir ki, bank özü bu məsələdə güzəştlər tətbiq edə bilər. İstehlak kreditlərini alanların çoxu hansısa bir dövlət idarəsində və ya şirkətdə çalışanlardır. İndi vəziyyət belədir ki, dövlətin apardığı tədbirlər nəticəsində heç kəs işdən çıxarılmır və eyni zamanda kiminsə işdən çıxarılmasına da yol verilmir. Bütün şirkətərə tapşırılıb ki, işçilərin maaşları verilsin. Eyni zamanda, dövlət idarələrində çalışan insanlar evdə olduqları müddətdə də maaşlarını əldə edə bilərlər".

Ruslan Atakişiyev əlavə edib ki, güzəştlər birbaşa ipoteka kreditləri ilə bağlıdır. Qeyd edək ki, biznes və istehlak təyinatlı kreditlərin tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması isə Mərkəzi Bank tərəfindən tövsiyyə şəklində kredit təşkilatlarına ünvanlanmışdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə