Xalqın sosial rifahı Prezidentin prioritet siyasətidir - TƏHLİL
Prezident İlham Əliyev: "Dövlət tərəfindən 200 min deyil, 600 min aztəminatlı şəxsə 190 manat yardım göstəriləcək"
«Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir».
Bu fikirləri Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bildirib.
Dövlətimizin başçısı deyib: “İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür.
Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir".
Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir
Bu real amildir. Bu gün planetimiz və onun bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzə olsa da, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olmaqdadır. Xüsusilə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilməsi və bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilməsi real faktordur. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapması, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılması, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.
Aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb
Pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və digər istiqamətləri əhatə edir. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Qeyd edək ki, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda onlar işləməyə davam edirlər. İki ay müddətinə haqqı ödənilən ictimai işlər üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb.
Ünvanlı sosial yardım alan ailələrin sayında 10 min artım olub
Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat ayrılıb. Aprelin 1-dən ünvanlı sosial yardım alan ailələrin sayında 10 min artım olub. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin edilir.
Hazırda 15 mindən çox tənha yaşlı insana evlərində sosial xidmətlər göstərilir
Məlum olduğu kimi, COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan olunub. Bəs bu insanların məişət problemləri necə həll edilir? Martın 24-dən yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işlərinə başlanılıb. Hazırda 15 mindən çox tənha yaşlı insana evlərində ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınması, kommunal ödənişlərin edilməsi kimi sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə tənha və əlilliyi olan şəxslərə artıq 17 minədək ərzaq payı verilib. Bu proses davam edir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Dövlətin sosial dəstək tədbirləri yuxarıda qeyd olunanlarla məhdudlaşmır. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. On dörd min nəfəri əhatə edən bu tədbir üçün 2,6 milyon manat ayrılıb. Bu istiqamətdə daha bir tədbir isə əhaliyə güzəştli işıq limitinin aprel-may ayları üçün 100 kilovat saat həcmində artırılmasıdır. İki ayda buna 10 milyon manat vəsait tələb olunur.
Sosial dəstək tədbirlərinə, həmçinin həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi daxildir. İl ərzində bu məqsədlə 40 milyon manat vəsait nəzərdə tutulur.
Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır.
Bəli, budur xalqa qayğı, budur hər bir vətəndaşın Prezidenti olmaq. Çünki hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsidir. Bugünükü qlobal problem olan koronavirusla bağlı ölkə rəhbəri də öz növbəsində bütün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir. Çünki Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Son 16 ilin uğurları bu deyilənləri təsdiqləyir. Belə ki, 16 il öncə, 1,8 milyard dollar valyuta ehtiyatına sahib idisə, bu gün həmin rəqəm 50 milyard dollara yüksəlib. Sözsüz ki, bu ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsində əldə olunub.
Bəli, Azərbaycan dövləti hər zaman bütün sahələrdə öz sözünü deyir və verdiyi sözə də əməl edir. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – «Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB