"Ölkədə sosial ödənişlərlə bağlı problem yaşanmayacaq" EKSPERT RƏYİ-ÖZƏL

"Ölkədə sosial ödənişlərlə bağlı problem yaşanmayacaq" EKSPERT RƏYİ-ÖZƏL

"Azərbaycanın dövlət büdcəsi əsasən, sosialyönümlüdür. Builki dövlət büdcəsinin 47 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondundan daxil olan vəsaitlər hesabına formalaşır. Dövlət büdcəsinə transfert ilə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir. Həmin vəsaitlər də sosial xərclərə- pensiyaların, əmək haqlarının, müavinətlərin ödənilməsinə yönəldilir. Yəni, neftin dünya bazarında qiymətindən asılı olmayaraq sosial ödənişlərin həyata keçirilməsində hansısa problem yaşanmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, çünki Azərbaycanın sağlam iqtisadi “təhlükəsizlik yastığı” mövcuddur.

Fors-major hallarda Azərbaycan dövlətinin investisiya xərclərinə yenidən baxdığını deyən iqtisadçı söyləyib ki, bu il də belə olacaq və hökümət yaxın gələcək üçün zərüri olmayan investisiya xərclərini azaldacaq.

Onun sözlərinə görə, şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyəti sabit saxlamaq mümkündür: “ Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da vurğuladı ki, keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox, bu ilin üç ayında isə 300 milyon manatdan artıq vəsait daxil edilib. Təbii ki, addımlar elə atılmalıdır ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin. Bunun üçün əlavə maliyyə mənbələri müəyyənləşdirilməlidir. Burada söhbət kölgə iqtisadiyyatından gedir. Yəni, ötən il həyata keçirilən tədbirlər nəticəsində büdcəyə əlavə olaraq 1 milyarddan çox vəsait daxil olub. Bu ilin 3 ayında isə əlavə 300 milyon manat vəsait daxil edilib".

P.Heydərov vurğulayıb ki, inzibati tədbirlərlərlə “kölgə” iqtisadiyyatını tam aradan qaldırmaq mümkün deyil: "Bunun üçün sahibkarlıq subyeklərinin stimullaşdırılması vacibdir. Elə bir stimullaşdırıcı mexanizm hazırlanmalıdır ki, sahibkarlar “kölgə” iqtisadiyyatında fəaliyyət göstərməkdən çəkinsinlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə