OPEK+ formatı post-koronavirus dövründə neftin qiymətinin artımına səbəb ola bilər - ANALİZ

“Neftin dünya bazarında qiymətinin ucuzlaşması OPEK+ formatının yenidən bərpa edilməsini zəruri edib. Yalnız Rusiya və Səudiyyə Ərəbistanı deyil, eyni zamanda ABŞ da neftin dünya bazarındakı qiymətində kəskin azalmaların qarşısının alınmasında maraqlı idi və əslində OPEK+ formatının bərpa edilməsi həm də ABŞ prezidentinin təşəbbüsü kimi qiymətləndirilib. Təbii ki, OPEK+ formatı çərçivəsində imzalanan anlaşma iki aspektdən tarixi əhəmiyyət daşıyır. OPEK+ heç bir zaman bu həcmdə hasilatın azaldılması ilə bağlı qərar qəbul etməyib. Praktiki olaraq OPEK xüsusən də OPEK+ formatını formalaşdırdıqdan sonra ən böyük hasilat azalmasına gedib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, OPEK+ formatının son qərarı həm də neft savaşının başa çatması mənasına gəlir: “Çünki Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı mübarizə neft bazarının kəskin çökməsi və neftin dünya bazar qiymətində kəskin ucuzlaşması ilə müşahidə olunub. Amma bütün bunlarla yanaşı, OPEK+ formatında qəbul edilən bu qərar hələlik neftin dünya bazar qiymətinin kəskin artmasına gətirib çıxarmayacaq və anlaşmanın bazara təsirləri də hələlik ciddi deyil. Təbii ki, OPEK bununla qiymətin stabilləşdirilməsinə nail olmağa çalışır və çalışır ki, bazarda qiymətlərin kəskin ucuzlaşması müşahidə olunmasın. Lakin koronavirusun aktiv olduğu dövrdə neftin dünya bazarı qiymətində kəskin və hissedilən artımlar proqnozlaşdırılmır. Xüsusən də nəzərə alsaq ki, koronavirus neftə olan tələbatın azalmasına gətirib çıxarıb. İlkin mərhələdə neft tələbi ilə təklif arasındakı fərq gündəlik 10 milyon barelə yaxın olsa da, amma son qiymətləndirmələr göstərir ki, artıq neftə olan tələbin kəsin azalması təklifin tələbi 20 milyon barelə yaxın üstələməsinə gətirib çıxarıb. Son anlaşma bu artıqlığın 10 milyon barelinin kompensasiya edilməsinə səbəb olsa da, yenə də təklif tələbdən yüksəkdir. Təklif tələbdən yüksək oluğuna görə, qiymətlərdə hiss edilən artımların olacağı proqnozlaşdırılmır”.

V.Bayramov bildirib ki, anlaşma neftin dünya bazarındakı qiymətlərində öldürücü azalmaların müəyyən qədər qarşısını alır: “Amma bu bir başa koronavirusun yayılma coğrafiyasından, eyni zamanda pandemiyanın təsirlərinin qlobal olaraq nə zaman minimumlaşdırılmasından asılı olacaq. Yaxın aylarda pandemiyanın təsirlərini minimumlaşdırmaq mümkün olarsa, yenidən qlobal iqtisadiyyat mərhələli şəkildə əvvəlki vəziyyətinə qayıdarsa, ölkələr arasındakı nəqliyyat əlaqələri bərpa olunarsa, (xüsusən də sərnişindaşımalardan söhbət gedir) bu halda neftə tələbatın artması müşahidə oluna bilər ki, bu da OPEK+ formatının qiymətlərə təsirinə səbəb ola bilər. Bu baxımdan hasilatın azaldılması ilə bağlı qərar daha çox post-koronavirus dövründə bazardakı qiymətlərinə təsir göstərəcək. Hələlik neftin qiymətində ciddi dəyişiklik olmayacaq və koronavirusun yayılma coğrafiyası genişlənərsə, neftin qiymətindən azalmalar da mümkündür. Amma dünən əldə edilən anlaşma post-koronavirus dövründə qiymətlərin yenidən yüksəlməsinə gətirib çıxara bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...