Pandemiyanın iqtisadiyyata təsirlərini aradan qaldırılmaq üçün addımlar atılıb ÖZƏL - AÇIQLAMA

"Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması üçün və iqtisadiyyatımıza daha az təsir etməsini təmin etmək üçün bir sıra addımlar atılıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər və Gənclər və idman komitəsinin deputatı Cavid Osmanov Azərbaycanda aparılan iqtisadi islahatlar fonunda növbəti illərdə iqtisadi artımın baş verəcəyi ilə bağlı proqnozlara fikir bildirərkən deyib.

O bildirib ki, koronavirus pandemiyasının dünya iqtisadiyyatına çox böyük təsirləri var, həmçinin neftin qiymətinin düşməsi, əmtəə dövriyyəsinin azalması və bu kimi digər səbəblər dünya iqtisadiyyatına inteqrasiya olunan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyə bilməz: "Bütün bunlarla bərabər ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında yaranan koronavirus pandemiyasından dolayı dünyanın enerji və səhm bazarlarında kəskin dalğalanmaların ölkəyə təsirinin aradan qaldırılması üçün və Azərbaycan iqtisadiyyatına daha az təsir etməsini nəzərə alaraq bir sıra addımlar atmışdır. O cümlədən bu istiqamətdə 2,5 milyard manat vəsait ayrılmış və bununla da 4 İşçi Qrupu yaradılmışdır. Həmin 2,5 milyard manat Azərbaycan iqtisadiyyatında hüquqi və fikizi şəxslərə ehtimal olunan zərərin aradan qaldırılması, məşğulluğun artırılması, aztəminatlı ailələlərin sosial rifah halının yaxşılaşdırılması, manatın məzənnəsinin qorunub saxlanılması və bu kimi digər halların aradan qaldırılması, ehtimal olunan təsirlərin azaldılması, risklərin aradan götürülməsi məqsədi daşıyır. Bununla bağlı yaradılmış 4 İşçi Qrupu öz təkliflərini təqdim etmiş, Nazirlər Kabineti də artıq Tədbirlər Planını təsdiqləmişdir və bununla bağlı müəyyən işlər aparılır".

Millət vəkili vurğulayıb ki, koronavirus pandemiyasının nə qədər davam edəcəyini dünya alimləri belə müəyyənləşdirə bilmirlər və belə olduğu halda iqtisadi artımın olub-olmayacağını söyləmək çətin olur: "Ümumilikdə ölkə rəhbərinin iqtisadi artımı dəstəkləyən və bu istiqamətdə atdığı addımlar ölkə iqtisadiyyatının indiki vəziyyətinin qorunub saxlanılmasına xidmət edir. İqtisadi artım təmin edilməsə belə aparılan islahatlar ölkə iqtisadiyyatının stabil saxlanılmasını təmin edəcək. Təbii ki, görülən işlər bununla da kifayətlənməyəcək və situasiya nəzərə alınaraq növbəti addımların atılması ehtimalı da var".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə