"Qısa zamanda tibbi maskaların istehsalına başlanılması böyük uğurdur" - AÇIQLAMA

“Azərbaycanın qısa bir zamanda tibbi maska istehsalı müəssisəsinin açılmasına nail olması çox ciddi bir uğurdur. Bildiyiniz kimi adətən hər hansı bir yeni sənaye sahəsini formalaşdırmaq üçün bir neçə ay tələb olunur. Amma Azərbaycan buna bir neçə həftəyə nail olub. Bu Azərbaycan Prezidentinin iradəsini ortaya qoyması və müvafiq strukturların Prezidentin iradəsinə tabe olmaları nəticəsində həyata keçirilib”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, əslində bu məsələdə Azərbaycanı günahlandırmaq haqqsızlıq olar: “Heç bir dünya dövləti belə bir hadisənin baş verəcəyindən xəbərdar deyildi. Bu epidemiyaya ölkələr, həmçinin Azərbaycan qəfil yaxalanıb. Avropanın inkişaf etmiş dövlətləri belə bu bəladan heç cür sığortalana bilməyiblər. Azərbaycan isə qısa zamanda belə bir müəssisənin açılmasına nail olub və bu ölkəmizin böyük bir uğurudur. Bildiyiniz kimi apteklərdə maskalarda qıtlıq yaranıb və hətta artıq maskaların alveri başlayıb. Maskaların, spirtlərin və əlcəklərin qiymətlərinin süni şəkildə artırılması müşahidə olunur”.

C.Nuriyev vurğulayıb ki, təəssüf biz millət kimi özümüz də hər hansı bədbəxtçilik baş verəndə biz bu bədbəxtçilikdən ancaq öz xeyrimizə nəticə çıxarmağa çalışırıq: “Cənab Prezidentin atdığı bu addım və bu gün həmin müəssisənin açılması Azərbaycan iqtisadiyyatının şaxələnmə imkanlarının böyük olduğunu göstərib və ölkənin tələbatının istənilən vaxt idxaldan asılılığını aradan qaldırmaq bacarığını ortaya qoyub. Eyni zamanda dövlətin iqtisadi layihələrini uğurla həyata keçirmə qabiliyyətini də gündəmə gətirib. Çünki ölkədə makroiqtisadi göstəricilər üçün bu tip addımlar çox vacibdir. Ümid edirəm ki, artıq apteklərdə tibbi maska ilə əlaqədar qıtlıq bununla da sona çatacaq və Azərbaycan qısa zaman kəsiyində nəyinki, özünü təmin edəcək, habelə digər qonşu dövlətlərə də maska satmağı bacaracaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə