Vüqar Bayramov: “2011-ci ildə qiymət artımlarına qarşı mübarizə aparılmazsa, ciddi bahalaşma müşahidə ediləcək“

Vüqar Bayramov: “2011-ci ildə qiymət artımlarına qarşı mübarizə aparılmazsa, ciddi bahalaşma müşahidə ediləcək“
2011-ci ilin birinci rübündə inflyasiya 9,1 faiz artıb. Beynəlxalq Valyuta Fondu (BVF) da cari ildə Azərbaycanda inflyasiya səviyyəsi üzrə proqnozunu pisləşdirib. Əgər 2010-cu ilin oktyabrında fond Azərbaycanda inflyasiyanı 5% proqnozlaşdırırdısa, aprel icmalında inflyasiya üzrə proqnoz 10,3% təşkil edib. Maraqlısı isə odur ki, 2012-ci il üçün fond Azərbaycanda inflyasiyanı 7,5%, 2016-cı ildə 5% səviyyəsində proqnozlaşdırıb. Məlumat üçün bildirək ki, MDB ölkələrində cari il inflyasiya orta hesabla 9,6%, 2012-ci ildə- 8,1%, 2016-cı ildə- 6% təşkil edəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Dövlət Statistika Komitəsinin 2011-ci ildə bir rəqəmli inflyasiya proqnozlaşdırmasına, eləcə də Mərkəzi Bankın inflyasiyanın 5,7 faiz olacağı ilə rəsmi açıqlamalasına baxmayaraq, son ayların inflyasiya göstəriciləri bir rəqəmli inflyasiyanın əldə edilməsinin mümkün olmadığını göstərir: "Azərbaycanda inflyasiya səviyyəsi 2 rəqəmli olacaq. İqtisadi və Sosial İnkişaf Mərkəzi 2010-cu ilin sonunda proqnozlaşdırdığı kimi inflyasiya səviyyəsi 12 faiz təşkil edə bilər. Artıq beynəlxalq maliyyə qurumları da 2011-ci ildə qiymət artımlarının 10 faizdən çox olacağı istiqamətində açıqlamalar verirlər".

Ekspert ölkədə aparılan antikorrupsiya tədbirlərinin hələlik istehlak mallarının qiymətinin aşağı salınmasına gətirib çıxarmadığını söyləyir: "Yalnız bir sıra məhsulların qiymətlərində azalmalar baş verib. Hansı ki, həmin məhsullar antikorrupsiya tədbirlərinə start verildikdən sonra bahalaşmışdı. Hazırda bu məhsulların qiyməti antikorrupsiya tədbirlərindən əvvəlki qiymətə düşüb".

V.Bayramov deyir ki, qiymət azalmalarına nail olunması üçün antikorrupsiya tədbirləri ilə yanaşı, iqtisadiyyatın sağlamlaşdırılması, inhisarçılığa qarşı mübarizənin aparılması, bazarda rəqabətin gücləndirilməsi kimi tədbirlərin həyata keçirilməsi olduqca vacibdir: "Xarici ticarət dövriyyəsində, xüsusən idxalda inhisarçı meyillər qalmaqdadır. Hətta yerli sahibkarların belə bazara çıxışı ilə bağlı problemlər var".

İqtisadçı bahalaşmaya neftin dünya bazar qiymətinin də təsir etdiyini söyləyir. Onun sözlərinə görə, bu xüsusilə idxal olunan məhsulların qiymətində özünü biruzə verir: " Neftin bahalaşması büdcə maliyyələşməsinə də təsir edir. Nəzərə alsaq ki, may ayında büdcəyə dəyişikliklər ediləcək, bu isə investisiya və digər layihələrə daha çox vəsaitin ayrılmasına gətirib çıxaracaq. Nəticədə dövriyyədə pul kütləsi artacaq".

İSİM rəhbəri gözlənilən əməkhaqqı artımlarının inflyasiya yaradacağını istisna etmir: "Əməkhaqqlarında təxminən 10 faiz artım proqnozlaşdırılır. Bu isə qiymət artımlarına gətirib çıxaracaq". Mütəxəssis ölkədə əməkhaqqı artımları ilə bağlı informasiya açıqlananda belə bunun istehlak bazarına təsir etdiyini diqqətə çatdırır: "O baxımdan 2011-ci ilin ən böyük problemi qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsidir. Anikorrupsiya tədbirlərinin bir elementi kimi inflyasiyaya qarşı mübarizə tədbirləri planının qəbul edilməsinə, xüsusi prezident fərmanına ehtiyac var".

Onun fikrincə, mübarizə tədbirləri institusional struktur islahatlarını özündə əhatə etməlidir: "Belə ki, bazarda rəqabətin yüksəldilməsi, çıxış imkanlarının genişləndirilməsi və süni qiymət artımlarına qarşı mübarizənin konkret mexanizmləri göstərilməlidir. 2011-ci ildə qiymət artımlarına qarşı mübarizə aparılmazsa, ciddi bahalaşma müşahidə ediləcək ".

Bütün xəbərlər Facebook səhifəmizdə