Kommunal ödənişlərlə bağlı əhaliyə güzəştlər edilə bilər ÖZƏL - AÇIQLAMA

"Təkliflər təsdiq olunarsa, vətəndaşlarımızın daha çox güzəştli kommunal xidmətlərdən, yəni, aşağı tarifli kommunal xidmətlərdən istifadəsini müşahidə edə bilərik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov koronavirusla mübarizə əsnasında karantinə alınan əhalinin kommunal xidmətlərlə bağlı güzəştlərdən istifadəsi məsələsini şərh edərkən deyib.

Əhalinin bir qismi iş fəaliyyətini dayandırdığından dolayı kommunal xidmətlərin ödənilməsi məsələsi də gündəmə gəlməsi ilə əlaqədar millət vəkilinə bu məsələyə hansı sferada baxıldığı sualı ilə müraciət etdik. Vüqar Bayramov bildirir ki, bu məsələ təklif şəkildə irəli sürülüb:

"Biz kommunal ödənişlərlə bağlı limitlərə baxılması və güzəştli limitin artırılması istiqamətində təklif irəli sürmüşük. Həm mavi qaz, həm elektrik enerjisi, həm də digər kommunal xidmətlərdə güzəşt limitinin artırılması bir tərəfdən imkan verə bilər ki, vətəndaş güzəştli limitdən istifadə etsin, yəni, az ödəniş etsin, digər tərəfdən də bu imkan verə bilər ki, kommunal xidmətlər həyata keçirən qurumlar da paralel olaraq gəlir əldə edə bilsin. Bu baxımdan təbii ki, güzəşt limitinin dəyişdirilməsi, artırılması, həm vətəndaşların xərclərinin azaldılması baxımdan, həm də dövlət qurumlarının gəlirlərinin müəyyən səviyyədə qorunub saxlanılması baxımından uyğun hesab oluna bilər".

Millət vəkili bildirir ki, artıq kommunal xidmətlərlə bağlı güzəşt limitlərinə rəsmi səviyyədə baxılması gözlənilir:

"Kommunal xidmətlərlə bağlı limitlərə, həmçinin, güzəşt limitinin artırılması baxılacaq məsələlər sırasındadır. Hələlik təbii ki, bu təklif formasındadır. Həm rəsmi, həm də digər formalarda təkliflər var və bununla bağlı təkliflər təsdiq olunarsa biz bu koronavirusun aktiv olduğu dövrdə kommunal xidmətlərlə bağlı güzəşt limitinin artırılması və vətəndaşlarımızın daha çox güzəştli kommunal xidmətlərdən, yəni, aşağı tarifli kommunal xidmətlərdən istifadəsini müşahidə edə bilərik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...