Bəhram Əliyev: “Ölkədə məhsulların saxlanması üçün soyuducuların tikilməsinə böyük ehtiyac var”

Bəhram Əliyev: “Ölkədə məhsulların saxlanması üçün soyuducuların tikilməsinə böyük ehtiyac var”
Ölkədə məhsulların saxlanması üçün soyuducuların tikilməsinə böyük ehtiyac var. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib. O bildirib ki, məsələn, Quba, Xaçmaz ərazisində yetişdirilən məhsullar həmin vaxt aşağı qiymətə satıldığından qışa olan tələbatı ödəyə bilmir. Onun sözlərinə görə, soyuducuların bu gün tikilməsi və ölkədə olması çox vacib şərtlərdən biridir. B.Əliyev vurğulayıb ki, Azərbaycanın müəyyən meyvələrlə təmin olunması günün tələbi olduğu üçün bu soyuducuların tikilməsi çox vacibdir: "Bu məsələ İqtisadi İnkişaf Nazirliyi tərəfindən aparılır. Soyuducular artıq bir çox rayonlarda inşa edilib və bu proses bu gün də davam etdirilir".

Nazir müavini əlavə edib ki, 1996-cı ildən sonra Azərbaycanda torpaq islahatları aparılıb və torpaqların 19,1%-i şəxsi, 21,6%-i bələdiyyə, qalanı isə dövlət mülkiyyətinə çevrilib. Onun sözlərinə görə, hər adama 1, 2 və ya 3 hektar torpaq düşür ki, burada kənd təsərrüfatı işlərinin aparılması əlverişsiz hesab olunur.

"Məhz bunun üçün ölkədə birlik təsərrüfatlarının yaradılması məqsədəuyğun sayılır. Azərbaycanda "Kooperasiya haqqında" qanunun qəbul edilməsi zəruridir. "Kooperasiya haqqında" qanun layihəsi artıq hazırlanıb və Milli Məclisin birinci oxunuşda müzakirəsinə tövsiyə olunub. "Düşünürəm ki, sözügedən qanun layihəsi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Ümumiyyətlə, ölkədə birlik təsərrüfatlarının yaradılması vacibdir. "Hazırda 200 min hektar torpaqdan artıq ərazi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xəritələşdirilir. Yaxın günlərdə konkret layihələrə start veriləcək. Bunlara da meliorasiya işləri, yeni texnologiya əsasında birlik təsərrüfatlarının yaradılması daxildir. Ümumiyyətlə, yeni texnologiyalar əsasında biz əvvəllər olduğu kimi 220 kq buğda deyil, 90-130 kq civarında buğda səpirik. Yeni texnologiya əsasında 2 dəfə toxuma, 2 dəfə suya, 2 dəfə torpaq resursuna, 2,5 dəfə gübrələrə qənaeət etmiş oluruq", - deyə B.Əliyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə