“Botaş” BTC-nin istismarı ilə bağlı yeni müqavilə tələb edir

“Botaş” BTC-nin istismarı ilə bağlı yeni müqavilə tələb edir

Bakı-Tiflis-Ceyhan (BTC) neft boru xəttinin Türkiyə hissəsini istismar edən "Botaş International Limited" şirkəti (BİL) 2006-cı ildən bu yana 31 milyon dollar zərər görüb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə bu sözləri şirkətin İdarə Heyətinin başçısı İbrahim Palaz deyib.

Fəaliyyətlərini davam etdirmək üçün kredit aldıqlarını ifadə edən şirkət rəsmisi "2002-ci ildəki hökumət tamamilə zərər verən bir müqavilə bağlayıb. Ən kiçik hüquqi savadı olan adam belə bunu imzalamazdı" söyləyib. O, qeyd edib ki, Türkiyə Azərbaycan neftinin daşınmasından ildə 300 milyon dollar gəlir əldə etməyi hədəflədiyi halda zərərə işləyir: "Fəaliyyətimizi davam etdirmək üçün 195 milyon dollar kredit almışıq. Şirkətin keçən il sonuna 91 milyon dollar borcu var idi. 2002-ci ildə o dövrün hökuməti tərəfindən imzalanan razılaşma Türkiyə əleyhinə işləyir. Müqavilə yenilənməsə, zərər 2 milyard dolları keçə bilər".

2002-ci ildə ən iri səhmdarı İngiltərənin BP şirkəti olan 11 ortaqlı "BTC Corporation" ilə Türkiyə arasında bir razılaşma imzalanıb. Razılaşmaya görə, boru xəttinin 1076 kilometrlik Türkiyə hissəsini 2006-2045-ci illər arasında BİL işlədəcək. Şirkətin 2006-2011-ci illər arasında neftin bir barelini 35 sentə daşıdığı halda, 700 kilometr olan Azərbaycan və Gürcüstan xəttini istismar edən "BTC Corporation" eyni miqdar nefti 78 sentə daşıdığı deyilir. Razılaşmaya görə, BİL 2011-2021-ci illər arasında bir barel nefti 28, 2021-2048-ci illərdə isə 43 sentə daşımalıdır.

Ceyhandakı Heydər Əliyev adına dəniz terminalında iqtisadiyyat jurnalistlərinə danışan İbrahim Palaz "15 yaşındakı oğluma izah etdim, o belə bu şərtlərlə razılaşmanı imzalamayacağını söylədi" deyib: "Tamamilə təktərəfli və Türkiyənin zərərinə olacaq bu razılaşmaya görə şirkətin zərəri getdikcə böyüyür. Belə gedərsə, kreditləri də ödəyə bilməyəcəyik. Ancaq hər şərt altında peşəkar nüfuzumuzu saxlayacayıq. Türkiyə razılaşmadan irəli gələn şərtləri yerinə yetirəcək".

Müqavilə şərtlərinin Türkiyənin əleyhinə təktərəfli olduğunu deyən İbrahim Palaz "müqavilə bu şərtlərdə yerinə yetirilməz. Hüquqi proses davam edir. 12 aydır ki "BTC" ilə müzakirələrimiz davam edir. Ancaq müzakirələrlə bağlı ümidimi itirməkdəyəm" deyib. Şirkətin istifadə etdiyi təbii qazın 1000 kub metrinin qiymətinin 2011-ci il mart ayı etibarilə 450 dollara qalxdığına diqqət çəkən İbrahim Palaz bildirib ki, bütün xərcləri artsa da gəlirlər sabit olaraq qalır: "Bizim nasos stansiyalarında istifadə etdiyimiz təbii qaz işimizə başladığımız zaman 300 dollar olduğu halda indi qiymət 450 dollardır. Neftin bir barelinə ödənilən qiymət 43 sent 2045-ci ilə qədər eyni qalacaq. 10 il sonra bugünki qiymətlə bir təyyarə bileti almaq mümkün olacaqmı?"

Başda "Nabucco" layihəsi olmaqla gündəmdə olan boru xətti layihələri ilə əlaqədar razılaşmaların hamısında detalların nəzərdən qaçırıldığını ifadə edən İbrahim Palaz Türkiyənin bölgədəki ən əhəmiyyətli enerji dehlizlərindən biri olduğunu vurğulayıb: "BTC boru xətti bu yolda yalnız birinci lentdir. Türkiyədə bu enerji yolunda ikinci, üçüncü lentlərin də açılması gündəmə gələcək. Buna görə də yeni razılaşmalarda diqqətli olmaq lazımdır. Diqqət yetirmədiyimiz detallar gələcəkdə milyardlarla dollar zərərə səbəb ola bilər". "Türkiyə razılaşmanı yerinə yetirməzsə nə olar?" sualına cavabında Palaz bildirib ki, ölkəsinin beynəlxalq öhdəlikləri var və razılaşmanın pozulması müzakirə mövzusu deyildir: "Biz haqlı olduğumuzu hüquqi yollarla sübut etmək və problemin həllini nail olmaq istəyirik. BTC boru xətti dünyada ən əhəmiyyətli neft boru xətlərindən biridir. Ancaq belə bir müqavilə dünyanın heç bir yerində yoxdur".

Uzunluğu 1768 kilometr olan BTC ilə ilk xam neft Ceyhan limanına 2006-cı ilin may ayında çatıb və ilk tanker 2006-cı ildə iyun ayında İtaliyaya yola salınıb. Boru xəttinin fəaliyyətə başladığı ilk gündən indiyə kimi 1 milyard 157 milyon barel xam neft Ceyhan limanından dünya bazarlarına satışa çıxarılıb.

Xəttin açıldığı vaxtda gündə 1 milyon barel nəql gücü olan BTC-də 2009-cu ildə bu 1,2 milyon barelə yüksəlib. 2010-cu il sentyabrın 13-də Ceyhana 1 milyardıncı barel xam neft çatıb. Gündəlik 83 milyon barel dünya neft tələbatının 1 faizi BTC-dən keçir. Türkiyə BTC və boğazlarla dünya neft tələbatının 4 faizini ödəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə