"OPEK+"un artıq basdırıldığını elan edirlər ÖZƏL - AÇIQLAMA

"OPEK+"un artıq basdırıldığını elan edirlər ÖZƏL - AÇIQLAMA

"Hələ ki, bazarda biz ciddi siqnallar müşahidə etmirik. Söhbət təbii ki, neft qiymətləri ilə bağlı pozitiv siqnallardan gedir. Bazarda neftə təlabat artmalıdır ki, qiymətlər də əvvəlki səviyyəsinə qalxa bilsin". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban hazırda dünya bazarında neftin bir barelinin satış qiyməti ilə bağlı məsələni şərh edərkən deyib.

O bildirib ki, hazırda neft qiymətlərini müşahidə etdikdə müəyyən bir şok vəziyyətindən çıxıldığını müşahidə edə bilərik: "Dünən London birjası bağlananda burada 26 dollara qədər yüksəliş var idi. Bunu bir şokdan çıxma kimi qiymətləndirmək olar. Bununla bağlı olaraq dünənlə müqayisədə artıq bu gün bir artım müşahidə edirik. Təbii ki, bu artıma da təkan verən bir sıra amillər var. Bunlardan ən birincisi odur ki, Amerika Enerji Administrasiyası Amerika Birləşmiş Ştatlarında neft ehtiyatları hasilatı ilə bağlı göstəricilərini açıqladı. Proqnoz göstəricilərində neft ehtiyatlarının 2 milyon barel səviyyəsində artıdığı müşahidə olunurdu. Bu da neft bazarında bir qədər canlanma yaratdı. Bununla da bir qədər təlabat oyanır.

Lakin hələ ki, bazarda biz ciddi siqnallar müşahidə etmirik. Söhbət təbii ki, neft qiymətləri ilə bağlı pozitiv siqnallardan gedir. Bazarda neftə təlabat artmalıdır ki, qiymətlər də əvvəlki dərəcəsinə yüksələ bilsin. Təbii ki, hazırda dünya qlobal böhran yaşayır, sərhədlərdə problemlər mövcuddur, ölkələrdə karantin rejimi elan olunub. Bu da birbaşa təlabata və istehlakçıların alış qiymətinə təsir edir".

İlham Şaban əlavə edib ki, əgər neft şirkətləri nefti xüsusi böyük tankerlərə və yaxud anbarlara yığıb saxlayacaqlarsa bu bazarın təlatümlüyünə atılan addım olacaq. O vurğulayır ki, hələ neft ixrac edən ölkələr və OPEK tərəfindən bu məsələ ilə bağlı xüsusi bir addım nəzərə çarpmır: "Hələ ki, biz neft ixrac edən ölkələrin təşkilatı, yəni OPEK səviyyəsində heç bir pozitiv addımın atıldığını və ya xüsusi tədbirlərin görüldüyünü müşahidə etmirik. Ümumiyyətlə, hətta bəzi proqnozçular nəinki OPEK, ümumiyyətlə OPEK+ çərçivəsində də müəyyən irəliləyiş görmür hətta "OPEK+"un ümumiyyətlə basdırıldığını elan edənlər də var. Ona görə də neftin hazırki qiyməti 2003-cü ilin may ayı həddinə gəlib çıxıb".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə