Səudiyyə-Rusiya "Neft Müharibəsi"nin pərdəarxası RƏY - AÇIQLAMA

Səudiyyə-Rusiya "Neft Müharibəsi"nin pərdəarxası RƏY - AÇIQLAMA

"Rusiya ilə əldə edilməyən razılıq ona gətirib çıxartdı ki, Səudiyyə Ərəbistanı radikal addımlar atmalı oldu. Əgər Səudiyyə Ərəbistanı bununla bağlı sadalanan addımları atmasaydı əldə olan bazarları ABŞ və Rusiya ilə rəqabət halında əlində saxlaya bilməyəcəkdi". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft bazarında yaranmış gərginliyi şərh edərkən deyib.

Səudiyyə Ərəbistanının dünya neft bazarına ucuz neft satmaqla Rusiyanı da bazardan sıxışdırıb çıxartma cəhdlərinə rəy bildirən ekspert vurğulayıb ki, bu tip hallar mütəmadi olaraq baş verir lakin bu dəfə həmin proseslər daha açıq müstəvidə özünü göstərir:

"Məsələ ondan ibarətdir ki, məsələnin bu cür açıq şəkildə və bu səviyyəyə gəlib çatması onu hazırda neft bazarında gedən dünyəvi proseslərlə əlaqədardır. Səudiyyə Ərəbistanının ən böyük neft bazarı Çin Xalq Respublikası idi. Çin Xalq Respublikasında koronavirusla bağlı yaranmış iqtisadi vəziyyət və neftə olan daxili təlabatın azalması Səudiyyə Ərəbistanı üçün məsrəfsiz ötüşmədi. Ora yönələn neft ixracatı kifayət qədər azaldı və bunun nəticəsi olaraq qiymətlər də bazarda kəskin şəkildə aşağı düşdü. Rusiya ilə əldə edilməyən razılıq ona gətirib çıxartdı ki, Səudiyyə Ərəbistanı radikal addımlar atmalı oldu. Əgər Səudiyyə Ərəbistanı bununla bağlı sadalanan addımları atmasaydı əldə olan bazarları ABŞ və Rusiya ilə rəqabət halında əlində saxlaya bilməyəcəkdi. Səudiyyə Ərəbistanı hazırda 6 ABŞ dollarından 8 ABŞ dollarına qədər alıcılara premiyalar təqdim edir. Bununla da Səudiyyə Ərəbistanı yeni bazarları ələ keçirmək niyyətini ortaya atıb".

Bələ ki, OPEK+ çərçivəsində keçirilən iclasın nəticəsiz elan edilməsi və tərəflərin neft hasilatının azaldılması ilə bağlı razılığa gəlməməsi neftin ucuzlaşmasına gətirib çıxarmışdı. İclasda neft hasilatını sabit saxlamağın tərəfdarı olan Rusiyaya qarşı, Səudiyyə Ərəbistanı hasilatı azalmaq qənaətində idi, indi isə əksinə hasilatı artırır və bazara ucuz qiymətə neft çıxardır. Səudiyyə Ərəbistanının bu addımına aydınlıq gətirən İlham Şaban bildirb ki, Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasının tərəfdarı olaraq özünə dəyə biləcək ziyanı azaltmaq istəyirdi lakin iclasda bu mümkün olmadı: "Rusiya özü də başa düşür ki, əgər bazara çıxarılacaq neft həcmini azaltsa ən aşağısı 300 min bareli nəzərdan çıxarmalı olacaq. Ona görə də hasilatın sabit qalmasının tərəfdarı idi. Çünki həmin həcm ABŞ və şirkətləri tərəfindən bazara çıxarılacaqdı. Bu zaman nhəmin bazarların yerini də qaytarmaq çətin olacaqdı".

Qeyd edək ki, OPEK+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı keçirilən iclasın nəticəsiz sona çatması neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnmişdi. Hazırda "Brent" markalı neftin bir bareli 33,39 dollardan götürülür.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə