Amerika müflis olacaq?
Hökümət təcili tədbirlər həyata keçirməklə bağlı qərar qəbul etməsə, ölkə iqtisadiyyatı müflis olmaqla üz-üzə qala bilər. Bu bəyanatla ABŞ-ın maliyyə naziri Timoti Qaytner çıxış edib. O bunu daxili borcların rezervlərin bir qisminin bu istiqamətdə xərclənməsinə gətirib çıxarması ilə əsaslandırıb. Məlum olub ki, ABŞ-ın həm tədiyyə balansında, həm də büdcəsində kifayət qədər böyük defisit yaranıb. Yeri gəlmişkən Amerika iqtisadiyyatındakı problem bu ölkənin valyutasının məzənnəsinə təsir etməkdədir. Dollar günü-gündən digər valyutalara nisbətən dəyərsizləşir.

Son illər ABŞ iqtisadiyyatında müəyyən tənəzzül meyllərinin müşahidə olunduğunu deyən iqtisadçı-ekspert Vüqar Bayramov Birləşmiş Ştatların daxili borcunun 14,3 trilyon dollara çatdığını söyləyir: "Bu da 2011-ci il üçün istehsalı proqnozlaşdırılan ümumi daxili məhsulun 97,3 faizi deməkdir. Belə ki, cari ildə Amerikada 14,6 trilyon dollar ümumi daxili məhsul istehsalı nəzərdə tutulub. Eyni zamanda Birləşmiş Ştatların həm xarici ticarət dövriyyəsində, həm də tədiyyə balasında kəsirin həcmində ciddi artımlar var. 2003-cü ildən başlayaraq Amerikanın federal büdcəsində kəsir hər il əvvəlki ilə nisbətən 500 milyard dollar artır. 2010-cu ilin yekunlarına görə, Amerikanın federal büdcəsində 1,7 trilyon kəsir var. Bu da ümumi daxili məhsulun 12 faizini təşkil edir. Hansı ki, iqtisadi qanunvericiliyə əsasən kritik həddir".

Ticarət dövriyyəsindəki kəsirin ABŞ iqtisadiyyatına təsir göstərdiyini bildirən ekspertin sözlərinə görə, idxalın artması fonunda problem daha da dərinləşir: "Amerikanın idxalında təkcə ötən il 9,3 faiz artım müşahidə edilib. Nəticədə ixracdakı artım idxaldakı artımla müqayisədə xeyli geri qalıb".

ABŞ iqtisadiyyatının müflis olma ehtimalının olub-olmamasına gəlincə, V.Bayramov Amerikanın dünyanın aparıcı iqtisadiyyatına malik olduğunu xatırlatdı: "Birləşmiş Ştatlar iqtisadiyyatının dünya iqtisadiyyatında payı 27 faizdən çoxdur. Bununla belə, Amerika iqtisadiyyatında son illər müşahidə edilən problemlər bu ölkənin dünya iqtisadiyyatında mövqeyinin müəyyən qədər aşağı düşməsinə, o cümlədən onun yaxın izləyicisi olan Çinlə aralarındakı fərqin azalmasına gətirib çıxarıb".

V.Bayramovun sözlərinə görə, Birləşmiş Ştatlar iqtisadiyyatında müşahidə edilən problemlər dolların digər valyutalara, eləcə də avroya nisbətən məzənnəsinin aşağı düşməsinə səbəb olub: " Yalnız bir ayda dolların avroya nisbətən məzənnəsi 10 faizdən çox aşağı düşüb. O baxımdan ABŞ iqtisadiyyatında ciddi problemlərin olacağı proqnozlaşdırılır. Bir sıra Avropa ölkələrində, o cümlədən Yunanıstanda olduğu kimi Amerikanın müflis olma təhlükəsi ilə qalıb-qalmaması hələlik bəlli deyil. Lakin Birləşmiş Ştatlar iqtisadiyyatında problemin dərinləşməsi digər ölkələrə, eləcə də Azərbaycana mənfi təsir göstərir. Azərbaycanın rezervlərinin 70 faizi dollarla saxlanılır. 2010-cu ilin yekunlarına görə, rezervlər 29,4 milyard dollar təşkil edib. Mərkəzi Bank, eləcə də Neft Fondu tərəfindən idarə olunan rezervlərin 19 milyard dollardan artığı dollarla saxlanılır. Amerika iqtisadiyyatında problemin dərinləşməsi, dollarla saxlanılan rezervlərin manatla ifadəsində həcminin azalmasına gətirib çıxaracaq".

İqtisadçı hesab edir ki, dolların məzənnəsinin düşməsi Azərbaycan rezervlərinin saxlanması siyasətinə yenidən baxılmasını gündəmə gətirir. İqtisadçı bütövlükdə dollar zonasında baş verən problemlərin Azərbaycana mənfi təsir göstərəcəyini söyləyir. Onun qənaətinə görə, bu birbaşa rezervlərin manatla azalması ilə müşahidə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə