Nazim Məmmədov: "Bu gün Azərbaycanın kifayət qədər gücü var ki, sovet banklarında qalan əmanətləri geri qaytarsın" - MÜSAHİBƏ

Nazim Məmmədov: "Bu gün Azərbaycanın kifayət qədər gücü var ki, sovet banklarında qalan əmanətləri geri qaytarsın" - MÜSAHİBƏ

İqtisadçı ekspert Nazim Məmmədovun SİA-ya müsahibəsi

- Dünya bazarında neftin qiymətinin artması yeni qlobal böhranın əsasını qoya bilərmi?

- Bəzən neftin 300 dollara yaxın yüksələcəyini ehtimal edirlər. Amma mən neftin o qədər yüksəlməsində əsas görmürəm. Belə ki, əsas neft idxal edən ölkələrin "8"lik və Böyük "20"liyin toplantısında 2009-cu ildə neftin ədalətli qiyməti 70-80 dollar müəyyənləşdirildi. 2010-cu ilin yarısından ABŞ iqtisadiyytı iqtisadi böhrandan çıxdıqdan sonra və dünyada iqtisadi fəallıq artığına görə, neftin qiymətinin 90-100 dollar arasında olması planlaşdırılırdı. Birdən-birə Ərəb ölkələrində baş verən hadisələr və insanların öz hakimiyyətlərinə qarşı nümayişlər müxtəlif treyderlərə neft sahəsində "isti pulların"ın neft alış-verişinə yönəldilməsi nəticəsində qiymət tələb-təklif dispraporsiyası yarandı və qiymətlər kifayət qədər şişdi. İki ay ərzində neftin 20 faiz bahalaşması normal göstərici deyil, iqtisadi əsaslara da söykənmir və bunları spekulyativ amillərlə əlaqələndirirəm. Ona görə, mən hesab etmirəm ki, bu artım uzun müddət davam edə bilər və dünya iqtisadiyyatı bunlardan sığortalanmalıdır. Böyük dövlətlər neftin qiymətini ədalətli formasını öz toplantılarında müəyyən ediblər. Bu baxımdan güman edirəm ki, bu hadisələr bitdikdən sonra neftin qiyməti stabil olacaq və 100 dollar ətrafında cərəyan edəcək. Əlbəttə, neft ixrac edən əsas ərəb ölkələrinin, İranın, OPEK ölkələrinə daxil olan dövlətlərin daxilində bir problem olsa təbii gözləmək olar ki, dünyada enerji daşıyıcıları ilə bağlı problem yaransın. Çünki müharibə şəraitində neftin qiyməti kifayət qədər qalxa bilər. Ancaq orada müharibə olma ehtimalı olsa belə, böyük dövlətlər maraqlı olmamalıdılar ki, bu uzun müddətli olsun. Eyni zamanda bu tipli inqilablardan heç bir ölkə axıra qədər sığortalanmayıb. Lakin bütün bu hadisələrin fonunda mən neftin qiymətində uzunmüddətli stabillik görürəm. Yəni, bir balaca artım müşahidə oluna bilər, ancaq yaxın zamanlarda Yaxın Şərq dövlətlərində baş verən nümayişlər fonunda neftin qiyməti bahalaşa bilər.

- Bildiyiniz kimi Azərbaycanda kənd təsərrüfatı məhsullarında qıtlıq müşahidə olunur. "Qara qızıl"ın qiymətinin artımı ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edcək?

- Azərbaycanda kənd təsərrüfatı mallarında qıtlıq müşahidə olunur. Hətta bunu öz marketlərimizdə, bazarlarımızda vətəndaşlar, istehlakçılar olaraq alış-veriş edərkən görürük. Bu, ürəkaçan bir mənzərə deyil. Ancaq hökümətin apardığı siyasət, regionların iqtisadi-sosial inkişafı ilə bağlı aparılan tədbirlər və bazarda inhisarçılığın aradan qaldırılması ilə bağlı ölkə başçısının göstərdiyi fəallıq öz effektini verməlidir. Mən güman edirəm ki, əsas istiqamət olaraq kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı inflyasiya olacaq. Eyni zamanda neftin qiymətində dəyişiklik olacaq. Çünki neft hasilatında istifadə olunan maşın mexanizmləri və sənaye məhsullarının hamısı elə Qərb dövlətlərindən gəlir. Ona görə, neft ölkəsi olaraq Azərbaycan daha çox marağında olmalıdır ki, neftin maya dəyəri aşağı salınsın və neftin qiyməti stabil olsun. Kənd və qəsəbələrə təbii qazın çəkilməsi, yol infrastrukturunun çox yüksək səviyyədə tikilməsi ilə, bölgələrdə yeni iş yerlərini təşviq etməklə, ucuz maliyyə resurslarına çıxışı asanlaşdırmaqla biz ümumi məqsədimizə çatarıq. Ərzaq bolluğunu yaratmaqla qiymətlərə də təsir edə bilərik. Yoxsa, biz heç də gözləməməliyik ki, göstərişlərlə qiymətlər aşağı düşsün. Bu baxımdan mən neft ölkəsinin bir vətəndaşı olaraq maraqlı deyiləm ki, böyük həcmdə neft sataraq qiymətlər daha şişsin və nəticə etibarı ilə ölkənin ixracdan asılı olan sahələrində qiymət artımı olsun. Bu baxımdan fikrimcə Nazirlər Kabineti ərzaq təhlükəsizliyi ilə bağlı kompleks addımlar atmalıdır.

- Neftin bahalaşması dövlət büdcəsinə daxil olan vəsaitlərə də öz müsbət təsirini göstərəcək. Sizin fikrinizcə bu əlavə vəsaitlərin hansı sahələrə sərf olunması vacibdir?

- Qeyd edim ki, neftin baza qiyməti iqtisadi göstərici olaraq 60 dollar götürülüb və indiki halda orta hesabla Dövlət Neft Fonduna daxil olmalara həm "Azneft" və "ABƏŞ" kimi şirkətlərin vergi ödəyicisi olaraq biz daha maraqlı olmalıyıq ki, cari dövlət büdcəsinə vergilər vasitəsilə daha çox vəsait daxil olsun. Mən tövsiyə edərdim ki, həmin vəsaitləri hökümət bir sıra əvvəlki illərdən qalan problemlərin həllinə yönəltsin. Deyək ki, Sovet Banklarında qalan əmanətlərin geri qaytarılmasına. Eyni zamanda bölgələrin infrastruktur layihələrinin daha da inkişaf etdirilməsinə, dövlət büdcəsi vasitəsi ilə ipoteka fonduna, xüsusən də ipoteka həcminin artırılmasına, həmçinin Sahibkarlığa Kömək Milli Fonduna vəsaitləri daha da artırmaqla iqtisadi fəallıq daha da stimullaşdırılar və ucuz resursların sahibkarlara çatdırılması istiqamətində dövlət büdcəsinin imkanları çərçivəsində bu addımlar atılar. Eyni zamanda dövlət büdcəsinə də yönəldiləcək. Ölkənin müdafiə qabiliyyətini daha da artırmaq məsələsində də biz həssas olmalıyıq. Təbii ki, bu sahədə əsas istiqamət hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması da olmalıdır. Fikrimcə, parlament dövlət büdcəsində olan gözlənilən dəyişikliyi edəcək. Birmənalı olaraq maaş və təqaüdləri artırılmaqla maddi rifah halını yaxşılaşdırmaq olar. Güman edirəm ki, ilin əvvəlindən başlayan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sürətlənməlidir. Eyni zamanda cəmiyyət buna dəstək verməlidir. Həmçinin kadr islahatlarının aparılmsını gözləyirik. Yəni, cənab prezident bunu da həyata keçirəcək.

- Sovet Banklarında qalan əmanətlərin geri qaytarılmasına Azərbaycanın bugünki maliyyə durumu imkan veririmi?

- Təbii ki , bu gün Azərbaycanın kifayət qədər gücü var ki, bu əmanətlərin geri qaytarsın. Hesab edirəm ki, bu bir borcdur və borcun xalqa qaytarılması çox əhəmiyyətlidir. Ən əsas da inflyasiyanın səviyyəsinə uyğun olaraq, vətəndaşlarımızın maddi durumunun yaxşılaşdırılmaq üçün bu addımı atmaq olar. Eyni zamanda biz təklif edirik ki, bu vəsaitləri 7-8 il ərzində ildə 200 milyon manat olmaqla qaytarmaq mümkündür. Yəni hər halda bu banklara olan etibarı artırar, xalqın indiki dövrdə hökümətə olan etmadını daha da yüksəldər. Bunu illər boyu saxlamağa lüzum yoxdur. Bu baxımdan hesab edirəm ki, indiki zamanda bunun tez və vaxtında həlli çox müsbət effektini verə bilər. Eyni zamanda bu vəsaitlərin təqribən 30-35 faizi yenidən vergi vasitəsi ilə geri qayıdacaq. Burada hökümətin itirəcəyi heç nə yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə